Bu şəxslərin pensiyaları artacaq - tarix açıqlandı
2026-cı ilin ilk yarısında Azərbaycanda muzdla işləyən şəxslərin əməkhaqqı gəlirlərinin 7,2 faiz artması gələn il pensiyaların indeksləşdirilməsi ilə bağlı gözləntiləri də gündəmə gətirib. Əməkhaqqı gəlirlərindəki artım pensiyaların növbəti il üçün indeksasiya səviyyəsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkən göstəricilərdən biridir.
Əməkhaqqı artımının ilin sonuna qədər eyni səviyyədə davam etməsi halında 2027-ci ildə pensiyaların təxminən 7 faiz indeksasiya oluna biləcəyi ehtimal edilir.
Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli əməkhaqqı gəlirlərinin artımı əsasında pensiyaların təxminən 7 faiz indeksləşdirilməsinin pensiyaçıların nominal gəlirlərini artıracağını, lakin real alıcılıq qabiliyyətinin inflyasiyanın səviyyəsindən asılı olacağını bildirib:

“600 manat pensiya alan şəxsin aylıq ödənişi təxminən 42 manat artaraq 642 manata çata bilər. Lakin əsas məsələ nominal artım deyil, bu artımın inflyasiyanı nə dərəcədə üstələyəcəyidir. Əgər gələn il istehlak qiymətlərinin artımı 7 faizdən aşağı olarsa, pensiyaçıların real alıcılıq qabiliyyəti müəyyən qədər yüksələ bilər. Əksinə, ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclərdə qiymət artımı 7 faizə yaxın və ya daha yüksək olarsa, real gəlirdə ciddi yaxşılaşma hiss olunmaya bilər”.
İqtisadçı qeyd edib ki, pensiyaçılar gəlirlərinin daha böyük hissəsini gündəlik zəruri xərclərə yönəltdiyindən onların üzləşdiyi qiymət artımı ümumi inflyasiyadan fərqlənə bilər. “Bu məhsul və xidmətlər üzrə qiymət artımı ümumi inflyasiyadan yüksək olarsa, statistik olaraq 7 faizlik indeksasiya yüksək görünsə də, pensiyaçı bunu gündəlik həyatında daha az hiss edə bilər”.
Akif Nəsirlinin sözlərinə görə, 7 faizlik indeksasiya xüsusilə aşağı pensiya alanların büdcəsinə müəyyən müsbət təsir göstərə bilər. Lakin qiymətlərin daha sürətlə artması halında indeksasiyanın təsiri zəifləyəcək.
“Əməkhaqqı gəlirlərinin 7,2 faiz artımı əsasında təxminən 7 faizlik pensiya indeksasiyası nominal baxımdan əhəmiyyətli artım olsa da, pensiyaçıların real rifahında ciddi sıçrayış yaratmaya bilər. Əgər inflyasiya bundan aşağı səviyyədə qalarsa, müəyyən real artım mümkündür. Qiymətlər daha sürətlə yüksələrsə, indeksasiya əsasən əvvəlki alıcılıq qabiliyyətinin qorunması funksiyasını yerinə yetirəcək”, - deyə iqtisadçı bildirib.
Nigar Xəlilli
20:30 05.10.2026
Oxunuş sayı: 73