Zibillikdən Britaniya MN-nin məxfi sənədləri tapıldı
Böyük Britaniya Müdafiə Nazirliyinə məxsus məxfi sənədlər ölkənin ən böyük hərbi bazalarından birinin yaxınlığındakı zibilxanada aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə The Sun on Sunday qəzeti məlumat yayıb.
Məlumata görə, sənədləri təsadüfi bir şəxs İngiltərənin Şimali Yorkşir qraflığında yerləşən Katterik qarnizonundan təxminən 4 kilometr aralıdakı zibilxanada tapıb.
Sənədlərdə hərbi qulluqçuların şəxsi məlumatları, silahların saxlanılması, qarovul növbələrinin təşkili, təhlükəsizlik qaydalarının pozulması halları və fövqəladə vəziyyətlərə reaksiya protokolları ilə bağlı məlumatların yer aldığı bildirilir.
Qeyd olunur ki, Katterik hərbi bazasında ümumilikdə 13 min hərbçi xidmət edir.
Tapıntı barədə məlumat daxil olduqdan sonra Kral Hərbi Polisi araşdırmaya başlayıb. Britaniya ordusunun nümayəndəsi isə sənədlərdə "əməliyyat xarakterli müdafiə sirləri"nin olmadığını bildirib.
Bu, Britaniya ordusuna aid sənədlərin zibilxanada tapıldığı ilk hadisə deyil. Ötən il də Nyukasl şəhərindəki zibil qutusunda hərbçilərlə bağlı yüzlərlə səhifə sənəd aşkar edilmişdi.
18:24 05.07.2026
Oxunuş sayı: 60