Boşanma sənədləri ilə azadlıq nümayişi: Sosial şəbəkələrdə yeni trend ailə dəyərlərini hədəfə alır?
Sosial şəbəkələrdə şəxsi həyatla bağlı paylaşımlar insanların münasibətlərə, evliliyə və ailə dəyərlərinə baxışına təsir edən müzakirələrdən birinə çevrilib. Xüsusilə boşanmış qadınlar tərəfindən boşanmanın azadlıq, xoşbəxtlik və yeni başlanğıc kimi təqdim edilməsi cəmiyyətdə fərqli yanaşmalar yaradır. Bir tərəfdən, bu cür paylaşımlar uğursuz və ya sağlam olmayan münasibətlərdən ayrılmağın normal seçim olduğunu vurğulayır, digər tərəfdən isə mürəkkəb ailə problemlərinin yalnız xoşbəxtlik və azadlıq prizmasından təqdim edilməsi boşanmanın emosional, sosial və psixoloji tərəflərini kölgədə qoya bilər. Halbuki hər ailənin hekayəsi, hər ayrılığın səbəbi fərqlidir və belə qərarları yalnız sosial şəbəkələrdə yaradılan təsvirlər əsasında qiymətləndirmək doğru deyil. Bəs boşanmanın sosial mediada bu cür təqdimatı qadınların sevgi, evlilik və ailə haqqında düşüncələrinə necə təsir göstərir?
Şairə Nəcibə İlkin Crossmedia.az-a açıqlamasında sosial şəbəkələrdə boşanmanın xoşbəxtlik və azadlıq kimi təqdim edilməsinə münasibət bildirib: “Boşanmanı xoşbəxtlik və azadlıq kimi təqdim etmək doğru deyil. Bəzən qadın üçün boşanmaq zorakılıqdan, alçaldılmaqdan və mənəvi əzabdan xilas olmaq deməkdir. Belə hallarda onun qərarına hörmətlə yanaşmaq lazımdır. Ancaq boşanmanı ümumi xoşbəxtlik modeli kimi təqdim etmək də təhlükəli yanaşmadır. Sosial şəbəkələrdə bəzən ailə qurmağın məsuliyyəti unudulur, ayrılmaq isə azadlığın yeganə yolu kimi göstərilir. Halbuki azadlıq yalnız kimdənsə ayrılmaq deyil, münasibət daxilində də öz şəxsiyyətini, ləyaqətini və düşüncələrini qoruyub saxlamaqdır”.
Nəcibə İlkin bu cür paylaşımların xüsusilə gənc qadınların sevgi və ailə haqqında düşüncələrinə təsir göstərə biləcəyini vurğulayıb: “Ailə həyatında qarşılaşdıqları ilk çətinliyi sevgisizliyin əlaməti, hər fikir ayrılığını isə ayrılmaq üçün səbəb kimi qəbul edə bilərlər. Halbuki sevgi yalnız xoşbəxt günləri bölüşmək deyil. Qarşılıqlı hörmətlə çətinlikləri aşmaq, bir-birini dinləmək, anlamaq və güzəştin sərhədlərini bilmək də sevginin bir hissəsidir”.
Şairənin fikrincə, nə qadını nəyin bahasına olursa-olsun ailədə qalmağa məcbur etmək, nə də boşanmağı dəb və qəhrəmanlıq kimi təqdim etmək düzgündür: “Ailə müqəddəs dəyərdir, amma bu müqəddəslik qadının ləyaqəti və təhlükəsizliyi hesabına qorunmamalıdır. Sosial şəbəkələrdə nümayiş etdirilən təbəssüm insanın həqiqi xoşbəxtliyinin sübutu olmadığı kimi, boşanmaq da öz-özlüyündə xoşbəxtliyə təminat vermir. Əsl xoşbəxtlik insanın hansı ailədə yaşamasından əvvəl, hansı münasibətə layiq görüldüyü ilə bağlıdır”.
O, cəmiyyətdə sağlam ailə münasibətlərinin təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb: “Cəmiyyətə ayrılığı təbliğ etməkdən daha çox, sağlam ailə qurmağı, sevgini qorumağı, qadına hörmət etməyi və insan ləyaqətini hər şeydən üstün tutmağı öyrətməliyik. Ailəni qorumaq naminə insanı itirmək də, azadlıq naminə sevginin dəyərini unutmaq da doğru deyil. İstərdim ki, ailə quran qızlarımız boşanma ehtimalı haqqında düşünməkdən daha çox, ailə dəyərlərini necə qorumaq barədə düşünsünlər”.
Sosioloq İlhamə Mustafayeva isə açıqlamasında sosial şəbəkələrdə boşanmanın azadlıq və xoşbəxtlik kimi təqdim edilməsinin səbəblərindən danışıb.
Sosioloqun sözlərinə görə, bəzi insanlar üçün boşanma yalnız ailə münasibətlərinin bitməsi deyil, eyni zamanda uzun müddət yaşadıqları mənfi hisslərdən qurtulmaq deməkdir: “Boşanmaq təkcə bir insandan ayrılmaq deyil, həm də neqativ emosiyalardan, qorxudan, təşvişdən, qısqanclıqdan və narahatlıqdan qurtulmaq kimi qəbul edilə bilər. Ailələrin dağılmasının həm ciddi, həm də daha fərqli səbəbləri olur. Lakin münasibətlərdə hörmətsizlik, diqqətsizlik, fiziki və ya psixoloji zorakılıq yaşanırsa, boşanma insan üçün öz dəyərini və ləyaqətini bərpa etmək kimi görünə bilər. Belə hallarda insan ayrılığı azadlıq və xoşbəxtlik kimi qarşılayır, çünki uzun müddət yaşadığı gərginlikdən xilas olduğunu düşünür”.
O, boşanmanın uşaqlara təsirinin də nəzərə alınmasının vacibliyini vurğulayıb: “Böyüklər münasibətlərini bitirmək qərarı verə bilərlər, ancaq uşaqlar valideynlərindən ayrılmırlar. Valideynlər arasında baş verən ayrılıq uşaqların emosional vəziyyətinə və gələcək münasibətlərinə təsir göstərə bilər. Buna görə də boşanma qərarı verilərkən uşaqların psixoloji vəziyyəti və maraqları xüsusi diqqətdə saxlanılmalıdır. Valideynlərin özlərini rahat hiss etməsi uşaqların bu prosesdən təsirlənmədiyi anlamına gəlmir”.
İlhamə Mustafayeva sosial şəbəkələrdə boşanmanın yalnız müsbət tərəflərinin nümayiş etdirilməsinin məsələnin birtərəfli təqdimatına səbəb ola biləcəyini deyib: “İnsanlar bəzən boşanma zamanı yaşadıqları rahatlığı, qəzəbdən, narazılıqdan və hörmətsizlikdən qurtulma hissini ön plana çıxarırlar. Ancaq bu qərarın arxasında yaşanan çətinliklər, itkilər və ailənin dağılmasına gətirib çıxaran səbəblər də var. Boşanmanı yalnız azadlıq və xoşbəxtlik kimi təqdim etmək münasibətlərin mürəkkəbliyini nəzərə almamaq deməkdir. Hər ailənin vəziyyəti fərqlidir və bütün boşanmaları eyni səbəblərlə izah etmək olmaz”.
Sosioloqun fikrincə, zaman keçdikcə insanların ayrılığa münasibəti dəyişə və əvvəlki münasibətlərini yenidən qiymətləndirmələrinə səbəb ola bilər: “İlkin qəzəb, əsəb və narahatlıq azaldıqdan sonra insan keçmiş münasibətinə başqa prizmadan baxır. Bəzi hallarda itirdiklərinin dəyərini anlayır, münasibətdə güzəştə getməyin, qarşı tərəfin qayğısını və əməyini qiymətləndirməyin mümkün olub-olmadığını düşünür. Sonrakı münasibətlərdə də oxşar problemlərlə qarşılaşan insanlar əvvəlki ailə həyatlarını yenidən dəyərləndirə bilərlər. Buna görə də sosial şəbəkələrdə yalnız boşanma sevincinin deyil, sonradan yaranan düşüncələrin və peşmanlıqların da müzakirəsi faydalı olardı”.
Nigar Xəlilli
20:00 22.10.2026
Oxunuş sayı: 56