Qəzzada müharibə başlayandan bəri azı 21 min uşaq həlak olub
Qəzzada İsrailin hərbi əməliyyatlarının başlamasından ötən 1000 gün ərzində azı 21 min uşağın həlak olduğu təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq humanitar təşkilat “Save the Children” məlumat yayıb.
Təşkilatın hesabatında bildirilir ki, yüz minlərlə uşaq öz evlərini tərk etməyə məcbur olub və təhsildən məhrum qalıb. Qeyd olunub ki, müharibənin 1000-ci günündə belə Qəzza uşaqları evlərini, məktəblərini və təhlükəsizlik hissini itirmələrinə baxmayaraq, sülh arzusunu qoruyub saxlayırlar.
“Save the Children” təşkilatının Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Əhməd Əhendavi bildirib ki, son 1000 gün ərzində beynəlxalq ictimaiyyət Qəzzadakı bir milyona yaxın uşağı qoruya bilməyib və onların öldürülməsi, yaralanmasının qarşısını almaq üçün kifayət qədər addım atmayıb.
Hesabata əsasən, həlak olan uşaqların faktiki sayının daha yüksək olduğu ehtimal edilir. Belə ki, çoxsaylı cəsədlərin hələ də dağıntılar altında qaldığı vurğulanır.
Təşkilatın məlumatına görə, Qəzzadakı uşaq əhalisinin təxminən 80 faizini təşkil edən 800 mindən çox uşaq məcburi köçkün vəziyyətinə düşüb. Bundan başqa, məktəb yaşlı 625 min uşaq artıq üç ildir ki, formal təhsildən kənarda qalıb.
Hesabatda uşaqların ifadələrinə də yer verilib. Onlar davamlı qorxu içində yaşadıqlarını, lakin sülhə və normal həyata qayıtmağa ümidlərini itirmədiklərini bildiriblər.
Eyni zamanda qeyd olunub ki, humanitar vəziyyət daha da ağırlaşır. Yardımların məhdud olması səbəbindən təxminən 245 min uşaq qidalanma çatışmazlığı riski ilə üz-üzədir və ya artıq bu problemdən əziyyət çəkir.
“Save the Children” BMT-nin son araşdırmasına istinad edərək, İsrailin hərəkətlərinə dair soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ilə bağlı iddiaların araşdırıldığını xatırladıb. Təşkilat dərhal və daimi atəşkəsin elan edilməsinə, uşaqlara qarşı törədilmiş cinayətlərə görə məsuliyyətin müəyyənləşdirilməsinə və İsrailə silah tədarükünün dayandırılmasına çağırıb.
Məlumatda həmçinin bildirilir ki, 2025-ci ilin oktyabrında atəşkəs əldə olunsa da, Qəzza zolağında hərbi əməliyyatlar davam edib. Hesabata görə, müharibə nəticəsində ümumilikdə 73 mindən çox insan həyatını itirib, bölgənin infrastrukturuna isə uzun illər ərzində bərpa olunması tələb ediləcək ciddi ziyan dəyib.
12:55 05.07.2026
Oxunuş sayı: 78