İsrail: Bu qərarı verəndə Azərbaycanı nəzərə almadıq
İsrailin qondarma ˝erməni soyqırımı˝nı tanıması ilə bağlı qərarı qeyri-uyğun vaxtda qəbul edilib.
Crossmedia.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin yazdığına görə, bu addım Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı dövrə təsadüf edir. İsrailli diplomatik mənbə bildirib ki, Tel-Əviv bu qərardan heç bir siyasi qazanc əldə etməyəcək.
Məqalədə həmçinin qeyd olunur ki, bu qərar Bakı ilə münasibətlər nəzərə alınmadan verilib:
“Görünür, qərarın qəbulunda Azərbaycan nəzərə alınmayıb. … Azərbaycan bəyanatdan əvvəl məlumatlandırılmayıb. Buna cavab olaraq Bakı sərt reaksiya verərək bunu qəbuledilməz adlandırıb və İsrail hökumətini qərara yenidən baxmağa çağırıb”.
Məqalədə vurğulanır ki, Azərbaycanın reaksiyası ciddi narazılıqdan qaynaqlanır. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə yazaraq İsrailin bu addımını İranın siyasi elitasında artan Azərbaycana rəğbət fonunda Netanyaһu hökumətindən uzaqlaşmaq üçün fürsət kimi dəyərləndirib.
Zülfüqarovun sözlərinə görə, bu vəziyyət Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxması üçün əsas yarada bilər.
Bundan əlavə, Ermənistanda da İsrailin qərarına reaksiyalar birmənalı olmayıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər qərarın motivlərini şübhə altına alıb, digərləri isə İsrailin bu addımını günahlarını yuma cəhdi kimi ələ salıb.
23:35 04.07.2026
Oxunuş sayı: 64