Fransa şah rejimi tərəfdarlarının təhdidləri səbəbindən İran müxalifətinin mitinqini qadağan etdi
Fransa hakimiyyəti qərargahı Parisdə yerləşən və İranda fəaliyyəti qadağan olunmuş İran Milli Müqavimət Şurasının böyük bir mitinqini qadağan edib.
Bu barədə Crossmedia.az "Reuters" agentliyinə istinadən xəbər verir.
Agentliyin Fransa kəşfiyyatının hesabatına istinadən verdiyi məlumata görə, buna səbəb təhlükəsizlik xidmətinin şah rejimini dəstəkləyən monarxiya fəalları tərəfindən artan təhdidlərlə bağlı xəbərdarlığı olub.
Qeyd olunur ki, Paris polisi iyunun 20-nə planlaşdırılan aksiyanı gərgin milli və beynəlxalq vəziyyəti, həmçinin zorakılıq riskini əsas gətirərək, başlamasına bir neçə saat qalmış ləğv edib.
Kəşfiyyatın qiymətləndirməsinə əsasən, İran Milli Müqavimət Şurasının tərkibinə daxil olan müxalif "Xalq Mücahidləri Təşkilatı" ilə devrilmiş şahın oğlu Rza Pəhləvini dəstəkləyən İran monarxistləri arasında "nüfuz müharibəsi" qızışır.
Bu zaman tərəflərin hər biri İran müxalifətinin yeganə qanuni nümayəndəsi olmağa çalışır.
11:42 01.07.2026
Oxunuş sayı: 51