Evin dizaynı psixologiyamıza necə təsir edir?
İnsan evini bəzəyəndə əslində yalnız divarın rəngini, divanın formasını və pərdənin modelini seçmir. Fərqinə varmadan özünə bir mühit qurur: harada dincələcək, harada ailəsi ilə vaxt keçirəcək, harada tək qalacaq, səhərlər hansı rəngə baxaraq günə başlayacaq. Bəlkə də buna görə ev dizaynı heç vaxt yalnız estetik məsələ olmayıb.
Psixologiyada insanla yaşadığı məkan arasındakı münasibət ayrıca maraq doğuran mövzulardandır. Çünki məkan insanın davranışına, rahatlıq hissinə və gündəlik əhvalına təsir göstərə bilər. Başqa sözlə, ev sadəcə içində yaşadığımız yer deyil — gün ərzində ən çox vaxt keçirdiyimiz mühitdir.
Məsələn, işıqlandırma.
Gün ərzində təbii işığın kifayət qədər daxil olduğu evlə daim süni işıqla aydınlanan ev eyni hissi yaratmır. Təbii işıq yalnız interyeri daha geniş və canlı göstərmir; gündəlik yuxu-oyanıqlıq ritmimizlə də əlaqəlidir. Bu səbəbdən interyerdə pəncərələrin, işıq mənbələrinin və otaqların yerləşimi yalnız dizaynerin zövq məsələsi deyil.
Axşam isə başqa bir dünya başlayır.
Güclü ağ işıqla işıqlandırılmış otaqla isti tonlu lampaların istifadə edildiyi otağın atmosferi eyni olmur. Elə buna görə müasir interyerdə artıq bir otağın yalnız “işıqlı” olması kifayət etmir. İşığın günün müxtəlif saatlarında yaratdığı hiss də nəzərə alınır. Rənglər isə evin ən səssiz elementlərindəndir. Bir insanın niyə illərlə bej və krem tonlarından əl çəkmədiyini, başqasının isə evində bordo, tünd yaşıl və ya göy rəngləri sevdiyini düşünün. Burada “bu rəngi sevən insan mütləq belə xarakterlidir” demək doğru olmaz. Psixologiyada rənglərin insanlara təsiri fərdi və kontekstdən asılıdır. Amma rəng seçimi məkanın necə hiss etdirilməsində mühüm rol oynaya bilər.
Açıq tonlar otağı daha geniş göstərə, tünd rənglər isə daha dərin və intim atmosfer yarada bilər. Ona görə də bir evin rəng palitrası əslində bir sualın cavabıdır: “Mən bu evdə necə hiss etmək istəyirəm?” Bəziləri bunun cavabını sakitlikdə tapır. Bəziləri istilikdə. Bəziləri isə enerjidə. Ailə məsələsi isə burada daha da maraqlı olur Çünki ev tək bir insanın seçimi deyil. Bir ailədə eyni məkanda fərqli zövqlər, fərqli rahatlıq anlayışları və fərqli ehtiyaclar yaşayır. Bir nəfər böyük və yumşaq divan istəyir, digəri otağın boş qalmasını. Biri televizorun qonaq otağının mərkəzində olmasını istəyir, digəri kitab rəfinin. Biri mətbəxdə böyük masa arzulayır, digəri kiçik və praktik bir məkan. Beləliklə, ev dizaynı ailə daxilində sadəcə estetik seçimə yox, birgə qərar vermə prosesinə də çevrilir. Və burada çox maraqlı bir detal var: ailə evində ən vacib məkan həmişə ən böyük otaq olmur. Bəzən kiçik mətbəx ailənin əsas görüş yeridir. Çünki ailə münasibətlərini yalnız otağın ölçüsü müəyyən etmir. İnsanların həmin məkanda birlikdə nə etməsi daha önəmlidir. Bir fincan çay ətrafında edilən söhbət, birlikdə hazırlanan yemək və ya axşam hamının eyni divanda oturması evin funksiyasını dəyişə bilər. Bu səbəbdən interyer dizaynında “ailə üçün məkan” anlayışı getdikcə daha çox ön plana çıxır. Evin yalnız gözəl görünməsi kifayət deyil. O, içində yaşayan insanların gündəlik həyatına uyğun olmalıdır. Məsələn, evdə kitab oxumağı sevən ailə üçün kitab rəfinin olması dekor deyil, ehtiyacdır. Uşaqlı ailədə geniş oyun sahəsi yalnız estetik seçim deyil. Evdən işləyən biri üçün ayrıca iş küncü artıq lüks yox, gündəlik həyatın bir hissəsidir. Yəni yaxşı dizaynın əsas sualı “Bu ev gözəl görünürmü?” yox, “Bu ev burada yaşayan insanların həyatına uyğundurmu?” sualıdır. Bəs minimalizm? Son illərin ən məşhur interyer trendlərindən biri minimalizmdir. Az əşya, sadə formalar, neytral rənglər və mümkün qədər çox boşluq.
Amma minimalizm yalnız dizayn trendi deyil. Bir çox insan üçün vizual qarışıqlığın azalması evdə daha sakit atmosfer yaradır. Digər tərəfdən, əşyalarla dolu, rəngli və dekorativ ev də eyni dərəcədə rahat ola bilər. Çünki insanın rahatlığı üçün universal interyer resepti yoxdur. Birinin gözündə boş divar rahatlıqdır. Digərinin gözündə isə o divar “çox boşdur”. Birinin üçün evdə yalnız ən vacib əşyaların olması kifayətdir. Başqası üçün kitablar, şəkillər, suvenirlər və illər ərzində toplanmış xırda əşyalar evə “özünəməxsusluq” verir. Deməli, məsələ əşyanın çoxluğunda deyil. İnsan öz məkanında özünü tanıya bilirmi? Bəlkə də ev dizaynının psixologiyası məhz burada başlayır. Çünki evimizi hər gün dəyişmirik. Divarın rəngini seçəndə onu aylarla, illərlə görəcəyimizi bilirik. Divan alanda üzərində yüzlərlə dəfə oturacağımızı düşünmürük, amma otururuq. Yataq otağının işığını seçəndə onun altında neçə axşam keçirəcəyimizi hesablamırıq. Bütün bu seçimlər gündəlik həyatımızın səssiz fonuna çevrilir. Və insanın gündəlik fonu onun özünü necə hiss etməsinə təsirsiz qala bilməz. Bəlkə də buna görə ideal ev “ən bahalı”, “ən dəbli” və ya sosial şəbəkələrdə ən çox bəyənilən ev deyil. İdeal ev insanın öz həyatına uyğunlaşdırdığı evdir. Çünki ev dizaynı əslində divanla divarın, rənglə mebelin uyğunluğu haqqında deyil. Bir az da insanın özünə verdiyi sual haqqındadır. “Mən harada özümü evdə hiss edirəm?” Və bu sualın cavabı hər ailədə başqa rəngdə, başqa formada, başqa otaqda görünür.
Zeynəb Həsən
18:30 29.09.2026
Oxunuş sayı: 37