Fransada prezident seçkiləri bu tarixdə keçiriləcək
Fransada növbəti prezident seçkilərinin birinci turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Le Figaro nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, seçkilərin tarixləri ilə bağlı rəsmi qərarın iyulun 1-də Nazirlər Şurasının iclasında təsdiqlənməsi gözlənilir.
Seçkilər hazırkı Prezident Emmanuel Makronun ikinci prezidentlik müddətinin başa çatmasına 12 gün qalmış yekunlaşacaq. Makronun səlahiyyət müddəti 14 may 2027-ci ildə başa çatır.
Le Figaro yazır ki, Fransa hökuməti seçkilərin keçirilməsi üçün iki variantı nəzərdən keçirib. Bunlardan biri səsvermənin 11 və 25 aprel tarixlərində təşkili, digəri isə tarixlərin bir həftə sonraya – 18 aprel və 2 may tarixlərinə keçirilməsi idi. Nəticədə ikinci variant seçilib.
Xatırladaq ki, Emmanuel Makron bu il aprelin 23-də Nikosiyadakı Fransa-Kipr məktəbinin şagirdləri ilə görüşündə gələcəkdə siyasətdən getmək istədiyini bildirmişdi. Jurnalistlərin gələcək planları ilə bağlı suallarını isə cavablandırmaqdan imtina edərək, nə şəxsi niyyətlərini, nə də Fransanın siyasi gündəmini şərh etmək istəmədiyini söyləmişdi.
09:35 01.07.2026
Oxunuş sayı: 60