GUAM-da yeni hədəflər: Transmilli cinayətkarlıqla mübarizədən təhsil inteqrasiyasınadək
GUAM-a üzv olan ölkələr arasında narkotik qaçaqmalçılığı, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, terrorizm, insan alveri və qanunsuz miqrasiya, fövqəladə hallara hazırlıq üçün səylər artırılacaq.
GUAM-ın Katibliyindən bildiriblər ki, bu barədə GUAM-a Üzv Dövlətlərin Daimi Nümayəndələr Şurasının videokonfrans vasitəsilə 22-ci iclasında müzakirələr aparılıb. Üzv dövlətlər arasında koordinasiya işinin gücləndirilməsinin vacibliyi qeyd edilib.
İclasda, həmçinin elm və təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün prioritetlər müəyyən edilib. İştirakçılar təhsil sistemlərinin fəaliyyətində məlumat mübadiləsi aparıb, GUAM-a üzv dövlətlərin təhsil sistemlərinin Avropa və qlobal standartlara uyğunlaşdırılmasını, təhsil diplomlarının, sertifikatlarının beynəlxalq səviyyədə tanınması məsələlərini müzakirə ediblər.
Qrup üzvləri GUAM-a üzv dövlətlər arasında qeyd olunan sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. (Azərtac)
12:50 23.06.2026
Oxunuş sayı: 46