ABŞ İranı hədələyib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla aparılan danışıqlar fonunda Tehrana xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vens bildirib ki, İran tərəfinə ABŞ Prezidenti Donald Trampın sərt ritorika və bəyanatlara cavabsız qalmayacağı mesajı çatdırılıb.
Onun sözlərinə görə, iranlı rəsmilər tarixi arqumentlər və sərt açıqlamalarla çıxış edərkən Trampın buna reaksiya verməyəcəyini düşünməməlidirlər.
ABŞ vitse-prezidenti vurğulayıb ki, Vaşinqton yanlış hesab etdiyi bəyanatlara cavab verməkdən çəkinməyəcək və bu məsələdə sərt mövqeyini davam etdirəcək.
Vens həmçinin qeyd edib ki, danışıqlar zamanı İranın prosesi tərk edə biləcəyi ilə bağlı siqnallar müşahidə olunurdu.
“İranlılar həqiqətən də danışıqlardan çıxmaqla hədələyirdilər və ya ən azı sosial şəbəkələrdə bu cür təhdidlər səsləndirirdilər. Lakin onlar danışıqları tərk etmədilər”, – deyə o bildirib.
Vensin fikrincə, İranın danışıqları davam etdirməsi tərəflər arasında müəyyən irəliləyişin əldə olunduğunu göstərir. Bununla yanaşı, o, prosesin hələ də həssas mərhələdə olduğunu vurğulayıb.
18:56 22.06.2026
Oxunuş sayı: 45