Paşinyan Bakıya gəlir: Onu Azərbaycana gətirən mühüm səbəb açıqlandı
Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Siyasi Birliyinin gələcək sammiti çərçivəsində dəvət alacağı təqdirdə Bakıya səfər etməyə hazır olduğunu bəyan etməsi regionda normallaşma prosesinə dair müzakirələri yenidən aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, son illərdə Azərbaycan və Ermənistan arasında müşahidə olunan dialoq mühiti, sərhəddə nisbi sabitlik və qarşılıqlı təmasların artması belə bir səfərin baş tutması üçün zəmin formalaşdırır.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Demokrat Sərdar Cəlaloğlu bildirib ki, tərəflər arasında uzun müddətdir atəşkəs rejiminə ciddi şəkildə əməl olunur və bu amil sülh müqaviləsinin imzalanması üçün vacib əsaslardan biri hesab edilməlidir.
Onun sözlərinə görə, son dövrdə iki ölkə arasında müəyyən iqtisadi və ictimai əlaqələrin yaranması da diqqət çəkən məqamlardandır: “Azərbaycan Ermənistana yanacaq məhsulları göndərir, qeyri-hökumət təşkilatları arasında qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki cəmiyyət artıq sülh müqaviləsinə hazırlaşır. Regionda davamlı sabitliyin təmin olunması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Nə ermənilər buradan köçəcək, nə də biz. Gec-tez bu iki xalq dinc şəkildə yanaşı yaşamalıdır. Müharibə hər iki tərəfə böyük insan, maddi və mənəvi itkilər gətirib".
Siyasətçinin fikrincə, Paşinyanın son illərdə verdiyi bəyanatlar və atdığı addımlar onun Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu göstərir: “Paşinyanın Qarabağ məsələsini gündəmdən çıxarması, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını dəstəkləməsi və Bakıya səfərə hazır olduğunu bildirməsi göstərir ki, Ermənistan rəhbərliyi münasibətləri normallaşdırmaq istəyir. Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış düşmənçilik stereotiplərinin dəyişdirilməsi istiqamətində də müəyyən addımlar atılır. Qarabağ məsələsi ilə bağlı yanaşmalar dəyişib, konstitusiya islahatları müzakirə olunur. Bütün bunlar göstərir ki, sülh müqaviləsinin imzalanması üçün ciddi maneələr tədricən aradan qalxır. Paşinyanın son seçkilərdə qələbə qazanması da onun həyata keçirdiyi siyasi kursa ictimai dəstəyin göstəricisidir. Bu nəticə onu göstərir ki, erməni xalqının əhəmiyyətli hissəsi Azərbaycanla sülh və mehriban qonşuluq siyasətini dəstəkləyir.”
Siyasətçi sonda vurğulayıb ki, rəsmi dəvət olacağı təqdirdə Paşinyanın Bakıya səfəri mümkün görünür və bu addım regionda etimadın möhkəmlənməsinə xidmət edə bilər: “Əgər dəvət olsa, Paşinyanın Azərbaycana səfər edəcəyini istisna etmirəm. Bu, sülh prosesinin məntiqi davamı kimi qiymətləndirilə bilər".
Zeynəb Həsən
19:12 19.06.2026
Oxunuş sayı: 69