Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı yayılan iddialara qəti şəkildə aydınlıq gətirib. Hhökumət başçısı ölkədə yeni seçkilərin keçirilməsinin planlaşdırılmadığını qətiyyətlə bəyan edib. Ermənistan mediasının yaydığı məlumata görə, Paşinyan hakim partiyanın səsvermədə iştirak üçün oturaqlıq senzinin (müəyyən müddət ölkədə yaşamaq tələbi) tətbiq edilməsi ilə bağlı irəli sürdüyü yeni təşəbbüsün erkən seçkilərə hazırlıq mənasına gəlmədiyini bildirib.
Baş nazirin sözlərinə görə, seçki qanunvericiliyinə təklif olunan bu dəyişikliklər hələ növbəti seçkilərdən əvvəl gündəmə gətirilmişdi. Lakin o, səsvermə ərəfəsində qanunvericiliyə bu cür düzəlişlərin edilməsinin əleyhinə olduğu üçün məsələ məhz indi hüquqi müstəviyə daşınıb. Paşinyan vurğulayıb ki, islahatların məqsədi seçki sistemini təkmilləşdirməkdir, hər hansı bir siyasi manipulyasiya və ya vaxtından əvvəl hakimiyyəti yeniləmək cəhdi deyil.iddialara qəti şəkildə aydınlıq gətirib.

Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan cəmiyyətində hələ də revanşist düşüncədə olan qüvvələr mövcuddur və Paşinyan bu amili nəzərə almağa məcburdur.
Politoloqun sözlərinə görə, Ermənistan daxilində müharibə tərəfdarı olan qüvvələrin sayı az deyil və seçkilər də cəmiyyətdəki siyasi meylləri açıq şəkildə ortaya qoyub: "Orta hesablamalara görə, Ermənistan daxilində olan siyasi hərəkatlar, ictimai təşkilatlar və digər qüvvələrin təxminən 40 faizi revanşist düşüncəyə rəğbət bəsləyir. Bu isə göstərir ki, cəmiyyət faktiki olaraq iki fərqli mövqeyə bölünüb. Paşinyan da anlayır ki, seçkilər cəmiyyətdə hansı qüvvələrin və hansı hədəflərin ətrafında birləşdiyini göstərən mühüm mexanizm oldu."
Tofiq Abbasov hesab edir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dilicandakı görüşü də sülh gündəliyinin davam etdirilməsi baxımından əhəmiyyət daşıyır: "Bu görüş onu göstərir ki, hakimiyyət prosesləri nəzarətdə saxlayır. Paşinyan sülh tərəfdarı olduğunu nümayiş etdirməyə çalışır və sülh əleyhinə olan qüvvələrin birləşərək cəmiyyətdə yenidən müharibə ab-havası yaratmasına imkan vermək istəmir. Paşinyan hazırda sülh gündəliyindəki rolunu daha da gücləndirməyə çalışır və cəmiyyətə inkişaf, sabitlik və təhlükəsizlik vəd edir. Düzdür, onun özü də vaxtilə daha sərt mövqedən çıxış edirdi. Lakin sonrakı hadisələr, xüsusilə də müharibədəki məğlubiyyət onu kursunu dəyişməyə məcbur etdi. Hazırda isə o, sülh yolunu davam etdirməyə və Azərbaycanla yekun sənəd imzalamağa çalışır."
Politoloqun fikrincə, bununla belə, Ermənistanın qarşısında hələ də mühüm daxili maneələr qalır: "Paşinyan anlayır ki, konstitusiya dəyişiklikləri və digər hüquqi addımlar üçün əvvəlcə siyasi mövqeyini daha da möhkəmləndirməlidir. O, həm Ermənistan cəmiyyətinə, həm də Azərbaycana göstərmək istəyir ki, sülhlə bağlı mesajlar yalnız sözlərdən ibarət deyil, praktiki addımlarla da müşayiət olunur."
T. Abbasov əlavə edib ki, Azərbaycan da bu prosesdə əməkdaşlıq və sabitlik üçün əlverişli şərait formalaşdırmağa çalışır: "Tranzit imkanlarının genişləndirilməsi, iqtisadi əməkdaşlıq istiqamətində ilk addımlar, vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulması və Hikmət Hacıyevlə Armen Qriqoryanın görüşü başlanmış barışıq prosesinin mühüm elementləri kimi qiymətləndirilməlidir. Paşinyan artıq Ermənistan cəmiyyətinə müharibə səhifəsinin bağlanmasının vacibliyini çatdırmağa çalışır."
Zeynəb Həsən