Ukrayna Aİ-dən 680 milyon avro maliyyə dəstəyini itirə bilər
Ukrayna korrupsiya ilə mübarizə sahəsində nəzərdə tutulan iki mühüm islahatı həyata keçirmədiyi təqdirdə Avropa İttifaqından 680 milyon avro həcmində maliyyə vəsaiti ala bilməyə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, müvafiq ödənişlər hazırda dayandırılıb. Bununla yanaşı, Ukraynaya islahatları başa çatdırmaq üçün əlavə vaxt verilə biləcəyi istisna olunmur.
Məlumata görə, Ukrayna iyunun 30-dək Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin fəaliyyətini genişləndirməsə, 300 milyon avro vəsaitdən məhrum ola bilər.
Bundan əlavə, ölkə sentyabrın 29-dək hakimlərin dürüstlüyünün yoxlanılması ilə bağlı qanunu qəbul etməzsə, daha 380 milyon avro maliyyə dəstəyini itirmək riski ilə üzləşəcək.
Beləliklə, islahatların gecikdirilməsi Ukraynanın ümumilikdə 680 milyon avro həcmində Avropa İttifaqı vəsaitini əldə etməsinə mane ola bilər.
21:55 08.06.2026
Oxunuş sayı: 52