Zelenski sülh üçün 5 şərt irəli sürdü - Rusiya qəbul edəcəkmi?
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə keçirdiyi görüşdə ədalətli sülhün təmin olunması üçün beş əsas şərt üzərində razılıq əldə olunduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, razılaşdırılan şərtlər arasında ilk olaraq dərhal və tam atəşkəsin təmin edilməsi yer alır.
Tərəflər həmçinin mövcud təmas xəttinin gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi qəbul edilməsini dəstəkləyiblər. Bildirilib ki, beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukrayna öz təhlükəsizlik ittifaqlarını müstəqil seçmək hüququna malikdir.
Razılaşmada Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə, o cümlədən ölkə ərazisində çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutan etibarlı və hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətlərinin verilməsi də əksini tapıb.
Bundan əlavə, Rusiyanın müharibəni dayandırana və Ukraynaya vurduğu zərəri kompensasiya edənə qədər dondurulmuş Rusiya aktivlərinin blokda saxlanılması təklif olunub.
Sənəddə həmçinin qeyd edilib ki, Avropa İttifaqı və NATO ilə bağlı hər hansı gələcək sülh razılaşmaları üzrə qərarlar yalnız bu təşkilatlara üzv dövlətlərin razılığı əsasında qəbul edilə bilər.
Görüş zamanı tərəflər Ukraynada davamlı və uzunmüddətli sülhün təmin olunmasının vacibliyini vurğulayıblar.
16:45 08.06.2026
Oxunuş sayı: 50