Avropa liderləri hərəkətə keçdi – Zelenski-Putin görüşü yenidən gündəmdə
Avropa liderləri Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlara çağırış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə birbaşa atəşkəs danışıqlarının başlanması təşəbbüsünü dəstəkləyiblər.
Londonda keçirilən müdafiə danışıqlarından sonra yayılan birgə bəyanatda bildirilib ki, liderlər ABŞ və Avropanın fəal iştirakı ilə Ukrayna və Rusiya arasında birbaşa dialoqun qurulmasının vacibliyini vurğulayıblar.
Sənəddə qeyd olunub ki, atəşkəs və gələcək sülh danışıqları üçün mövcud təmas xətti başlanğıc nöqtəsi kimi qəbul edilməlidir. Həmçinin beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğu bildirilib.
Məlumata görə, Zelenski ötən həftə Rusiya Prezidenti Vladimir Putinə üzbəüz görüş keçirməyi təklif etsə də, Kremlin rəhbəri mümkün sülh razılaşması əldə olunmadan belə görüşün mənasız olduğunu deyərək təklifi rədd edib.
Birgə bəyanatda Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyi də vurğulanıb. Liderlər hava hücumundan müdafiə sistemləri, anti-ballistik raket texnologiyaları və uzaqmənzilli zərbə imkanlarının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıblar.
Bundan əlavə, Avropa liderləri Rusiyanın Ukrayna şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları pisləyərək, mülki itkilərin artmasından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədən bəri Kiyevin əsas tərəfdarları sırasında yer alır.
11:13 08.06.2026
Oxunuş sayı: 56