Lal təbiətin kar sakinləri
Gəlimli-gedimli dünya, bir üzü ölüm, bir üzü sevimli dünya...
Ətrafında günəş fırlanır, daxilində atom. De görüm, niyə bu qədər vəfasızdı günəşlə qidalanan atom? 21-ci əsrin ilk rübünü geridə qoymağımıza baxmayaraq, könül yenə də keçmişdə qalmaq, keçmişin qoxusunu gələcəyin tüstüsündən daha çox ciyərlərinə çəkmək istəyir. İnsan arada bir səmaya baxıb fikrə dalmaq, səhərin mehini, yağışın şehini, günəşin aydın şəfəqlərini və ən əsası da həyatın bütün aydın çalarlarını hiss etmək istəyir. Qışda qışlayan, yayda yaylayan kəndləri, payızda saralmış xəzəlləri, yazda açan çiçəkləri seyr etməkdir bəşərin ehtiyacı. Ay dolanır yer-göy ətrafında, dünya fırlanır öz oxunda; bəs insan niyə dalğalanmır həyat qatında?
Hər şeyin bir mənası, dəyəri, çəkisi var. Çaylardan axan suların səsi, ağacların nəfəsi var. İnsan da nəfəs alır o ağacın altında, bəs niyə başa düşə bilmir “yaşam” adında nə var?
Təbiət təsviri sənətdə “peyzaj” adlansa da, əslində bizlər onu “anti-peyzaj” halına çevirib, öz bildiyimiz qəliblərə salırıq. Canlıların ən alisi insandırsa, bəs nə üçün insan daşı daş üstünə qoymur öz qatında? Açıq səmalara qara buludların gəlməsi, yaşıl meşələrə “dən düşməsi”, çayların axarına bənd kəsilməsi çox çəkmədi. Başsız qalan heyvanların dərisi divarlardan asıldı. Bəs niyə bu qədər “ali”dir insan? Allah yeri-göyü yaratdı, yerdəki cəllad isə onu məhv etməyə başladı. Bir düşün, kimdən yaranmısan, kimsən, ey övlad? Bu gün sənsən, sabah səndən biri... Bəs nə vaxt dinlənəcək yaşıl meşə, axar su, günahsız heyvan?Yox, bu, asan olmayacaq. Çünki biri lal, biri kar, biri də kor olub. Onların dilini isə yalnız “Anası” (Təbiət) başa düşür. Ana olmadıqda bütün həyat dayanır; həyat dayananda insanlıq, insanlıq dayananda isə cəmiyyət dayanır. Və bəlkə də, yalnız o zaman daxildən yeni bir həyat oyanır.Hər gün təbiətə minlərlə zərbə vurulur. İnsan ağciyəri olmadan necə nəfəs ala bilmirsə, dünya da florasız nəfəs ala bilməz. Flora hər zaman fauna ilə bir bütövdür. Birlik olmayanda dirilik də olmur. Bəs görəsən, öz diriliyini məhv etməyə davam edən insan əslində ölümə məhkumdurmu?
Rəqəmlər fəlakətin miqyasını bağırır: 2025-ci ilin beynəlxalq hesabatlarına əsasən, təkcə son bir ildə dünyada 8,3 milyon hektar meşə sahəsi məhv edilib. Bu, təxminən Azərbaycanın ümumi ərazisi qədər meşənin bir ildə yer üzündən silinməsi deməkdir. Ölkəmizin cəmi 11.8 – 14%-i meşəlikdir və bu meşələrin də sıxlığı sürətlə azalır. Hazırda meşə fondunun böyük hissəsi orta sıxlıqdadır, “bakirə” meşələr isə cəmi 2.8% təşkil edir.Bəziləri meşəni qırıb mülk sahəsi yaradır, bəziləri mülkü qurudub “həyat filarmoniyası” qurur. Azərbaycan hazırda qlobal su qıtlığı riskinə görə dünyada ilk sıralardadır; şirin su ehtiyatlarımız son onilliklərdə 15-20% azalıb. Suyu sağa-sola israf edirik, amma unuduruq ki, dünyada əbədi heç nə yoxdur. Heç kim buradan o dünyaya sərvət apara bilməyəcək; hər kəs öz əsl sərvətini əməllərində tapacaq. Azərbaycanın “Qırmızı Kitabı”nın son nəşrinə görə, ölkədə 42 növ məməli, 14 növ sürünən və 6 növ suda-quruda yaşayan canlı məhv olmaq təhlükəsi altındadır.İnsan öz iradəsinə qalib gələ bilmirsə, övladının sabahını düşünmürsə, “dünyanın övladlarını” məhv edir deməkdir. Bəlkə o ağac həqiqətən canlıdır? Bəlkə o heyvan qiyamət günü həqiqətləri üzünə deyəcək? Bəlkə yenə dünya öz qüdrətini göstərib: “Hər şeyin sahibi mənəm, siz kimsiniz, ey bəşəriyyət düşmənləri?” — deyəcək.
Bilin ki, o ağac kəsiləndə həyatınız, heyvan öldürüləndə əzəliniz,dünya qiyamətə qərq olanda isə nəfəsiniz kəsiləcək!
Ayxan İbişov
16:05 03.06.2026
Oxunuş sayı: 72