Hər gün içdiyiniz qəhvə artıq çəkiyə səbəb ola bilər – AÇIQLAMA
Qəhvə milyonlarla insanın gündəlik qidalanma vərdişlərinin ayrılmaz hissəsidir. Təbii qəhvənin tərkibində orqanizm üçün faydalı hesab olunan antioksidantlar mövcuddur. Bununla yanaşı, son illərdə müxtəlif şərbətlər, şəkər, qaymaq və digər əlavələrlə hazırlanan qəhvə növlərinin geniş yayılması onların sağlamlığa təsiri ilə bağlı müzakirələri artırıb. Aparılan araşdırmalar göstərir ki, qəhvənin insan orqanizminə təsiri təkcə onun növündən deyil, həm də hazırlanma üsulundan və tərkibinə əlavə olunan komponentlərdən əhəmiyyətli dərəcədə asılıdır.
Qida eksperti Asim Vəliyev mövzü ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan ənənəsində çay əsas içki olsa da, son illərdə qəhvə istehsalçılarının marketinqi sayəsində qəhvə gündəlik istehlaka çevrilib. Lakin müasir kofeşoplarda təqdim olunan içkilərin əksəriyyəti artıq qəhvə deyil, yüksək kalorili desertdir və sağlamlığa ciddi ziyan vurur.

Ekspertin sözlərinə görə, şəkərli və qaymaqlı qəhvələrin müntəzəm istehlakı bir sıra xroniki xəstəliklərin inkişafına zəmin yaradır. “Şəkərli və qaymaqlı qəhvələrin müntəzəm istehlakı tip 2 diabet, piylənmə, ürək-damar xəstəlikləri və metabolik sindromun inkişaf riskini ciddi şəkildə artırır. Sağlam qəhvə istehlakı üçün əsas qayda onu əlavəsiz içmək lazımdır”, – deyə Asim Vəliyev vurğulayıb.
Qida eksperti qeyd edib ki, qəhvə özlüyündə antioksidant mənbəyidir. Problem qəhvənin özündə deyil, ona əlavə olunan komponentlərdədir. “Qəhvə özlüyündə antioksidant qaynağı olsa da, ona əlavə etdiyimiz komponentlər faydanı məhv edir. Şərbətlər, yəni siroplar yüksək fruktozalı qarğıdalı şərbəti, ya rafinə olunmuş şəkərdən ibarətdir. Bu, qanda qlükozanın ani artımına səbəb olur. Mütəmadi şəkər yükü isə mədəaltı vəzini yorur. Beləcə insulin dirəncinə gətirib çıxarır”, – deyə o bildirib.
Asim Vəliyev hazır qaymaqların tərkibinin də təhlükəli olduğunu deyir: “Qəhvə üçün istifadə olunan hazır qaymaqlar çox vaxt hidrogenləşdirilmiş bitki yağları ehtiva edir. Bu yağlar pis xolesterini artırır. Damar divarlarında kirəcləşməyə və ürək-damar xəstəliklərinə birbaşa zəmin yaradır”.
Ekspertin sözlərinə görə, kofeinlə şəkərin birləşməsi orqanizmdə ikili yük yaradır. “Qəhvənin tərkibindəki kofein orqanizmi bir qədər stimullaşdırır. Buna şəkərin verdiyi saxta enerjini də əlavə edildikdə, orqanizmdə ciddi metabolik stress yaranır. Nəticədə qaraciyərdə piylənmə və artıq çəki qaçılmaz olur”.
Asim Vəliyev sağlam qəhvə istehlakı üçün bir neçə sadə qayda təqdim edib. “Qəhvənin əsl dadını və faydasını almaq üçün espresso, türk qəhvəsi, amerikano kimi təmiz növləri seçə bilərik. Marketlərdəki təbii, ya qəhvə ağardıcısı yazılan tozların tərkibinə baxsaq yaxşı olar. Orada çox vaxt E471, E340-fosfatlar və hidrogenləşdirilmiş yağlar olur. Bunlardan uzaq dursaq bir o qədər faydalı olar. Əgər mütləq südlü qəhvə içmək istəyiriksə, şəkərli şərbətlərdən uzaq durmalıyıq. Evdə özümüz təzə süd əlavə edə bilərik”, – deyə ekspert məsləhət görüb.
Qida eksperti kofeinin fərdi dözümlülükdən asılı olduğunu, lakin ümumi qaydanın olduğunu xatırladıb. “Kofeinə qarşı fərdi dözümlülük fərqlidir. Ümumi sağlamlıq üçün gündə 2-3 fincandan artıq qəhvə istehlakı məsləhət deyil. Əgər qastrit, yüksək təzyiq, yuxu problemləri varsa, kofein qəbulunu azaltmalıyıq. Xüsusilə hazır qəhvə qarışıqlarında olan qatqılar həssas insanlarda allergik reaksiyalara, mədə-bağırsaq diskomfortuna səbəb ola bilər”.
Nigar Xəlilli
15:14 03.06.2026
Oxunuş sayı: 175