Bu qida xərçəng riskini artırır - Xəbərdarlıq
Yay mövsümünün başlaması ilə bazarlarda və açıq satış məntəqələrində hisə verilmiş məhsullara, xüsusilə də balıqlara tələbat artır. Lakin açıq havada, günəş altında və sanitar qaydalara uyğun olmayan şəraitdə satılan hisə verilmiş balıqlar sağlamlıq üçün ciddi risk yarada bilər. Uzun müddət uyğun temperaturda saxlanılmayan bu məhsullarda bakterial çirklənmə ehtimalı yüksəlir, həmçinin düzgün emal olunmadıqda tərkibində insan orqanizmi üçün zərərli maddələrin yaranması riski artır. Bu kimi faktorlar isə uzunmüddətli istifadədə ciddi sağlamlıq problemləri, o cümlədən xərçəng riskinin artması ilə əlaqələndirilir. Buna görə də isti havalarda məhsul seçimi zamanı daha diqqətli olmaq vacib sayılır.

Qida üzrə mütəxəssis Ağa Salamov Crossmedia.az-a açıqlamasında bazarlarda açıq şəkildə satılan hisə verilmiş balıqların saxlanma şəraitinin mühüm problem olduğunu bildirib: "Hisə verilmiş balıqlar soyuducuda mühafizə olunmalı, açıq şəkildə satılmalıdır. Çünki, hava-damcı yolu ilə yayılan bakteriyalara açıq olur. Bəzən insanlar balıqları yumadan yeyirlər. Bu da immun sistemi zəif olanlarda xəstəliyə səbəb olur. Əsas odur ki, insanlar açıq şəraitdə satılan, yuyulmadan yeyilən məhsulları almasınlar. Həmçinin, hisə vermə düzgün texnologiyalarla tətbiq olunmadıqda zərərli maddələr əmələ gəlir ki, bu da insan orqanizmi üçün zərərlidir. Hisə verilmə zamanı orada zərərli maddələr əmələ gəlir. Bu isə xərçəng riskini dəstəkləyən maddə olaraq insan orqanizmi üçün zərərlidir".
A.Salamov alıcılara təklif edir ki, bu məhsulları tanınmış firma şirkətlərindən alsınlar: "Ucuz satılan balıqlar olur və texnologiyası təcrübəsiz şəxs tərəfindən həyata keçirilir. Hisə verilmə proseduru xüsusi avadanlıqla həyata keçirilməli, düzgün şərtlər altında mühafizə olunmalı, istehlakçıya sağlam şəkildə gətirib çatdırılmalıdır. Belə olmadığını halda və balıq kimi tez xarab olan, tez şirə salan məhsullar risk qrupu siyahısına daxil olur. Zəhərlənmə ehtimalı da qaçılmazdır".
Ekspert qeyd edib ki Bakı mətbəxinə aid olan südlü plovu üzərinə hisə verilmiş duzlu balıq qoyulur: "Lakin istifadə edərkən, rəngi tam qaralmış, qoxusunda dəyişiklik olmayan balıqdan almamaq lazımdır. Ayda bir dəfə isə həmin plovdan bişirib yemək daha məqsədə uyğundur. Günaşırı hisə verilmiş balıq yemək doğru deyil".
Fatimə Məmmədova
12:11 03.06.2026
Oxunuş sayı: 54