Professor Valeh Hacıların 75 illik yubileyi qeyd olundu
AMEA-nın Mərkəzi Elmi Kitabxanası və SOYDAŞ İctimai Birliyinin birgə təşkilatçılığı ilə görkəmli alim, pedaqoq, şair və ictimai xadim Valeh Hacıların anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirib ki, Valeh Hacıların 75 illik yubileyi bir müddət əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində də geniş şəkildə qeyd olunub.
O, Valeh Hacıların Azərbaycan elminə, ədəbiyyatına və ictimai fikrin inkişafına verdiyi töhfələrdən danışaraq, onun zəngin irsinin gələcək nəsillər üçün mühüm örnək olduğunu vurğulayıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” fikri səsləndirildikdən sonra Valeh Hacıların Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışı nümayiş etdirilib.
Daha sonra akademik Nizami Cəfərov çıxış edərək, Valeh Hacılarla ilk tanışlığından, onun elmi və ictimai fəaliyyətindən bəhs edib. O bildirib ki, “Ədəbiyyat” qəzetinin əməkdaşı kimi Tiflisə səfəri zamanı Valeh Hacıların yerli elmi-ədəbi mühitdə böyük nüfuza malik olduğunun şahidi olub.
Akademik, Valeh Hacıların həm Azərbaycan, həm də Gürcüstan ictimaiyyətində böyük hörmət qazandığını xüsusi qeyd edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə çıxışında Valeh Hacıların çoxşaxəli fəaliyyətindən söz açaraq onun yalnız alim kimi deyil, həm də milli düşüncənin təbliğatçısı və ictimai xadim kimi mühüm xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Deputat təklif edib ki, Azərbaycandakı elmi-tədqiqat institutlarından birində Valeh Hacıların yaradıcılığına və elmi fəaliyyətinə həsr olunmuş dissertasiya işi müdafiə olunsun, onun zəngin irsi daha geniş şəkildə araşdırılsın.
Əməkdar incəsənət xadimi İsmayıl Ömərov çıxışında Valeh Hacıların Gürcüstanda doğulub boya-başa çatdığını, ömrünün sonuna qədər orada yaşayıb-yaratmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, Valeh Hacılar milli kimliyinə və Azərbaycançılıq ideyalarına daim sadiq qalıb.
Professor Nəsib Nəsibli isə çıxışına “Valeh Hacıların yeri hər zaman görünüb və görünəcək” sözləri ilə başlayıb. O bildirib ki, Valeh Hacılar bu gün də yaşasaydı, bir çox mühüm problemlərin həlli istiqamətində dəyərli təşəbbüslərlə çıxış edərdi.
Tədbirdə professorlar Rüstəm Kamal və Bədirxan Əhmədli, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Xəzər Klinikasının baş həkimi İlqar Yusubov, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, həmçinin tələbələri adından dosent Razim Məmmədli çıxış edərək Valeh Hacıların elmi-ictimai fəaliyyətini yüksək qiymətləndirib, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda ailəsi adından çıxış edən tarix elmləri doktoru Fəxri Hacılar yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.
Yubiley mərasimində tanınmış elm xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Kübra
13:15 26.05.2026
Oxunuş sayı: 61