Təklif: Müəyyən yaş həddinədək estetik əməliyyata məhdudiyyət qoyulsun
İctimai yerlərdə, yolda artıq bir mənzərə var ki, onu görməməzlikdən gəlmək çətindir: sanki eyni qəlibdən çıxmış kimi görünən simalar. Şişirdilmiş dodaqlar, kəskinləşdirilmiş burun xətləri, həddindən artıq vurğulanmış yanaq konturları, “çatılmış” qaşlar və süni parıltı verən kontakt linzalar şəhər mühitində getdikcə daha çox diqqət çəkir. Bir vaxtlar fərqlilik və fərdi üslubun göstəricisi sayılan estetik dəyişikliklər bu gün bir çox hallarda oxşar görüntü standartına çevrilmiş kimi görünür. Sosial şəbəkələrin təsiri, gözəllik trendlərinin sürətlə yayılması və “ideal üz” anlayışının dar çərçivələrə salınması bu tendensiyanın əsas səbəbləri kimi göstərilir. Xüsusilə gənclər arasında vizual oxşarlıq yaratmağa meyil artır, fərdi cizgilər isə bəzən ikinci plana keçir. Nəticədə ictimai məkanda fərqli simaların azalması, onların yerini isə müəyyən estetik şablonların alması barədə müzakirələr də gündəmə gəlir.

Sosioloq , fəlsəfə doktoru Hüseyn İbrahimov bu məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib.
O, bildirib ki, müasir dövrdə bu hallar qarşısıalınmaz bir prosesə çevrilib: " İnsanların müxtəlif süni və estetik əməliyyatlarla özlərini gözlənilməz vəziyyətə salmaları, xüsusilə bunun gənclər və yeniyetmələr arasında daha geniş yayılması artıq müəyyən tendensiyaya çevrilməkdədir. Bütün bunlar həyat tərzində kəskin dəyişikliklər, eyni zamanda fərdin özünə nəzarətinin zəifləməsi prosesi kimi qiymətləndirilə bilər. Sosial nəzarət anlayışı daxilində həm fərdin özünə nəzarəti, həm ictimai qınaq, həm də müəyyən sanksiyalaşdırılmış məsələlər mövcuddur.
Əgər insan öz üzündə və ya zahiri görünüşündə hər hansı ciddi dəyişiklik edirsə, bununla bağlı aidiyyəti qurumlara məlumat verilməsi və şəxsiyyət vəsiqəsindəki fotosunun yenilənməsi vacibdir. Çünki insanın dəyişdirdiyi zahiri görünüşlə rəsmi sənəddəki foto arasında uyğunsuzluq müəyyən hüquqi məsuliyyət yarada bilər. Məsələnin yalnız hüquqi aspektlə məhdudlaşmır. Sosial baxımdan da bu hallar cəmiyyətdə getdikcə genişlənir. Əgər bunu Avropa ölkələri ilə müqayisə etsək, görərik ki, bu kimi hallar bəzi postsovet ölkələrində daha geniş yayılıb. Müxtəlif fərqli geyimlər, saç düzümləri və zahiri görünüş formaları ilə seçilən müəyyən qruplar mövcuddur. Onlar özlərinə məxsus həyat tərzi və davranış modeli ilə yaşayırlar. Dünyanın bir çox ölkəsində belə qruplar var və əsasən həmin qrupların daxilində formalaşmış qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Məsələn, fərqli saç rəngləri, qeyri-adi geyim tərzi və zahiri görünüş dəyişiklikləri ilə seçilən insanlar müəyyən qruplar halında yaşayırlar və bu davranış formaları əsasən həmin çevrədən kənara çıxmır. Onlar müxtəlif musiqi və subkultura qrupları kimi müəyyən həyat tərzini paylaşırlar. Lakin estetik əməliyyatlarla bağlı məsələ artıq yalnız müəyyən qrupların daxilində qalmır, getdikcə ictimailəşir və daha geniş yayılır. Əsas narahatlıq doğuran məqam da məhz budur".
Sosioloq hesab edir ki, estetik müdaxilələrin və zahiri görünüş dəyişikliklərinin cəmiyyət daxilində normallaşması təhlükəli tendensiyaya çevrilə bilər: " Bu proses xüsusilə gənclər arasında “gözəllik standartı” kimi təqdim olunur və insanlar təbii görünüşdən uzaqlaşmağa başlayırlar. Bu vəziyyəti müəyyən mənada deviant davranış kimi qiymətləndirmək olar. Çünki fərdin öz zahiri görünüşünü həddindən artıq dəyişdirməsi bəzən həm psixoloji, həm də fiziki problemlərə səbəb olur. Estetik əməliyyatlardan sonra müxtəlif sağlamlıq problemlərinin yaranması halları da kifayət qədərdir. Buna görə də xüsusilə yeniyetmələr və gənclərlə bağlı müəyyən yaş məhdudiyyətlərinin tətbiqi məsələsi müzakirə oluna bilər. Məsələn, müəyyən yaş həddinədək estetik əməliyyatlara məhdudiyyət qoyulması həm sosial davranış normalarının qorunması, həm də sağlamlığın müdafiəsi baxımından əhəmiyyətli addım hesab oluna bilər. Burada söhbət yalnız qadınlardan getmir. İstər kişi, istər qadın olsun, gənc yaşlarda zahiri görünüşə müdaxilələrin artması cəmiyyət üçün ciddi sosial məsələdir. Çünki bu, tədricən kütləvi xarakter almağa başlayır. İnsanların milli dili, adət-ənənələri olduğu kimi, müəyyən mənada milli siması da var. Həmin sima cəmiyyətin kimliyini, estetik baxışını və sosial xüsusiyyətlərini özündə əks etdirir. Gənc yaşlardan insanların zahiri görünüşlərini kütləvi şəkildə dəyişdirməsi isə gələcəkdə müxtəlif mənfi sosial nəticələr doğura bilər".
Fatimə Məmmədova
18:14 25.05.2026
Oxunuş sayı: 61