Ürək xəstəliklərinin heç bilmədiyimiz sadə müalicəsi
Çərəzlər tərkibində faydalı yağlar, zülal, vitamin və minerallar olan qida məhsullarıdır. Müxtəlif növ çərəzlərin ölçülü şəkildə qəbulunun ürək-damar sistemi, beyin fəaliyyəti və ümumi sağlamlıq üçün faydalı olduğu bildirilir. Lakin yüksək kalorili olduqları üçün onların miqdarına da diqqət etmək vacibdir. Çərəzlərin insan sağlamlığı üçün əsas faydaları nələrdir və gün ərzində nə qədər çərəz qəbul etmək tövsiyə olunur? Hansı şəxslər çərəzlərin istifadəsində daha diqqətli olmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Sulduz Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, çərəzlər xüsusilə ürək-damar sistemi və beyin fəaliyyəti üçün faydalıdır: “Ləpələrin ümumiyyətlə orqanizm üçün çoxlu faydaları var. Xüsusilə ürək-damar sisteminin sağlamlığı və beyin fəaliyyəti üçün əhəmiyyətlidir. Tərkibində beyin fəaliyyətini tənzimləyən və orqanizm üçün faydalı olan yağ turşuları, həmçinin minerallar zəngindir. Bəzi ləpələr qanda şəkərin səviyyəsini sabit saxlamağa və insulin müqavimətinin azalmasına kömək edir. Ləpələrin əksəriyyətinin tərkibində liflər var. Liflər bağırsaq fəaliyyətinin normallaşmasına kömək edir. Bu baxımdan qəbizlik problemi yaşayan insanlar üçün də faydalıdır. Liflər hesabına bağırsağın peristaltikası yaxşılaşır və qəbizlik aradan qalxa bilər. Əvvəlcədən qeyd edim ki, ləpələri həddindən artıq yemək məsləhət görülmür. Xüsusilə müəyyən yaşdan sonra gün ərzində təxminən 25-30 qram, yəni hər kəsin öz kiçik ovucu qədər ləpə qəbul etməsi kifayətdir. Ən önəmlisi isə ləpələrin qovrulmamış olmasıdır. Bir çox insan fındıq, badam, qoz və digər ləpələri qovrulmuş şəkildə yeməyə üstünlük verir. Lakin onları qovurduqda tərkibindəki bəzi dəyərli maddələr kəskin şəkildə azalır. Çox az qovrulmuş məhsulda müəyyən faydalı maddələr qala bilər, amma tam qovrulmuş ləpələrdə bu dəyərli maddələrin miqdarı əhəmiyyətli dərəcədə azalır. Buna görə də ləpələri qovrulmamış, şəkərsiz və duzsuz şəkildə qəbul etmək daha məsləhətlidir. Ləpələr arasında faydasına görə, mənim fikrimcə və bir çox alimlərin də qeyd etdiyi kimi, qoz ön sırada dayanır. Qoz omeqa-3 ilə zəngindir və ürək-damar sistemi, eləcə də beyin sağlamlığı üçün faydalıdır. Gündə 3-4 ədəd qoz yemək kifayətdir”.
S.Əhmədova qeyd edib ki, badam da həm beyin, həm də ürək üçün faydalıdır: “E vitamini, maqnezium və liflə zəngin olduğuna görə ürək-damar sistemi və sümük sağlamlığı baxımından əhəmiyyətlidir. Fındıq da E vitamini ilə zəngindir və antioksidant tərkibə malikdir. Püstə zülal və antioksidantlarla zəngindir. Son vaxtlar haqqında daha çox danışılan balqabaq tumunun da qida dəyəri yüksəkdir. Balqabaq tumu maqnezium, sink və bitki mənşəli zülallarla zəngindir. Tərkibində triptofan da var. Buna görə axşam saatlarında qəbul edilməsi yuxunun yaxşılaşmasına və normallaşmasına kömək edə bilər. Antep fıstığı isə amin turşuları ilə zəngindir. Günəbaxan tumları, yəni çərəz kimi istifadə olunan tumlar da selen və E vitamini ilə zəngindir. Buna görə onların qida dəyəri yüksəkdir. Braziliya qozu selenlə xüsusilə zəngindir. Gündə iki ədəd Braziliya qozunun qəbul edilməsi orqanizmin gündəlik selen ehtiyacını ödəməyə kifayət edir. Əsas məsələ çərəzləri çox deyil, normasında qəbul etməkdir. Onların qovrulmamış, duzsuz və şəkərsiz olması daha məqsədəuyğundur. Yəni çərəzlərin faydalı xüsusiyyətlərindən yararlanmaq üçün əsas şərtlərdən biri onların miqdarına və hazırlanma formasına diqqət etməkdir”.
Zərnigar Hüseynli
16:30 24.08.2026
Oxunuş sayı: 43