Mebelin ömrünü qısaldan SƏHVLƏR - XƏBƏRDARLIQ
Mebellər düzgün qulluq edilmədikdə onun görünüşü və keyfiyyəti zamanla pisləşə bilər. Xüsusilə taxta mebellər nəmlik və temperatur dəyişikliklərinə qarşı həssasdır. Günəş şüaları, su, isti əşyalar və həddindən artıq yük də mebelin ömrünü qısalda bilər. Bəzi hallarda xırda dəliklər və taxta tozu kimi əlamətlər zərərvericilərin mövcudluğundan xəbər verə bilər. Bu amillər vaxtında nəzərə alınmadıqda mebelin ciddi şəkildə zədələnməsinə və istifadəyə yararsız hala düşməsinə səbəb ola bilər. Bəs bunlardan necə qorunmaq olar?
Mövzu ilə bağlı mebel ustası Nahid Allahverdiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, mebelin uzun müddət istifadə olunması üçün əsas məsələ onu nəmdən, temperatur dəyişikliklərindən və birbaşa günəş şüalarından qorumaqdır: “Xüsusilə taxta mebellərdə rütubət çürümənin əsas səbəblərindən biridir. Buna görə də otağın mütəmadi havalandırılması vacibdir. Mebel su ilə təmasda qaldıqda dərhal quru parça ilə silinməlidir. Döşəmə yuyularkən suyun mebelin alt hissəsində və ayaqlarında qalmamasına diqqət etmək lazımdır. Mətbəx mebellərində isə su və buxarın təsirindən qorumaq üçün səthlər mütəmadi olaraq qurulanmalıdır.
Çürümə və həşəratların yaratdığı zədələrin qarşısını almaq üçün taxta səthlər müəyyən müddətdən bir xüsusi qoruyucu vasitələrlə işlənə bilər. Mebeldə xırda dəliklər, taxta tozu və ya qeyri-adi qoxu müşahidə olunursa, bu, ağacqurdu və digər zərərvericilərin əlaməti ola bilər. Belə hallarda problemi gecikdirmədən mütəxəssisə göstərmək lazımdır”.
Usta qeyd edib ki, mebelin üzərinə həddindən artıq ağır yük qoyulması, səthin kəskin və isti əşyalarla zədələnməsi də onun istifadə müddətini qısaldır. Günəş şüaları isə zamanla mebelin rənginin solmasına və materialın keyfiyyətinə təsir göstərə bilər. “Yəni mebelin uzunömürlü olması üçün əsas üç qayda var: onu nəmdən qorumaq, düzgün qulluq etmək və hər hansı zədələnmə əlamətini vaxtında aradan qaldırmaq. Düzgün istifadə və mütəmadi qulluq edilən keyfiyyətli mebel illərlə öz görünüşünü və funksionallığını qoruya bilər”.
Nuray Mehtiyeva
17:30 24.08.2026
Oxunuş sayı: 54