Trampdan İranla bağlı plan: Ağ Evdə müharibə müzakirəsi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə milli təhlükəsizlik üzrə yüksək rütbəli komandası ilə İrana qarşı mümkün hərbi variantların müzakirə olunduğu mühüm iclas keçirib.
Crossmedia.az xəbər verir ki, Axios xəbər saytının ABŞ rəsmilərinə istinadən yaydığı eksklüziv məlumata görə, bu görüş Trampın əvvəlcədən planlaşdırılan hücumları müvəqqəti dayandırmasından bir neçə saat sonra baş tutub. Rəsmilər bildirir ki, qərarın verilməsində regiondakı bəzi ərəb ölkələrinin – xüsusilə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı – Vaşinqtona etdiyi müraciətlər rol oynayıb. Həmin ölkələr İranın mümkün cavab zərbələrindən və regiondakı neft infrastrukturunun hədəf alınmasından narahatlıqlarını ifadə ediblər.
Məlumata görə, Ağ Evə yaxın mənbələr Tramp administrasiyasında bəzi rəsmilərin hərbi təzyiqi danışıqlarda üstünlük qazanmaq vasitəsi kimi gördüyünü bildirir. Bununla yanaşı, Trampın hərbi komandanlığa “istənilən an genişmiqyaslı əməliyyata hazır olun” göstərişi verdiyi qeyd olunur.
Digər tərəfdən, region ölkələrinin vasitəçiliyi ilə müharibənin qarşısını almağa yönəlmiş yeni diplomatik təşəbbüs üzərində iş aparıldığı bildirilir. Təklifə görə, tərəflər əvvəlcə müharibənin dayandırılmasına dair niyyət sənədi imzalamalı, daha sonra isə 30 günlük danışıqlara başlamalıdırlar.
11:52 21.05.2026
Oxunuş sayı: 108