Narek Karapetyana qarşı cinayət işi açılıb
Ermənistan İstintaq Komitəsi erməni biznesmen Narek Karapetyanı xarici vətəndaşlığı gizlətməkdə ittiham edir.
Crossmedia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Narek Karapetyan rusiyalı biznesmen Samvel Karapetyanın qardaşı oğludur.
Məlumata görə, “Güclü Ermənistan” bloku tərəfindən parlament seçkilərinə namizəd irəli sürülən Karapetyana xarici vətəndaşlığı ilə bağlı məlumatı qəsdən gizlətməyə görə məsuliyyət barədə xəbərdarlıq edilib.
İstintaqın iddiasına əsasən, o, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə başqa ölkənin vətəndaşı olmadığını göstərən ərizə təqdim edib.
Faktla bağlı “rəsmi status almağa və ya saxlamağa mane olan məlumatları gizlətmə” maddəsi ilə cinayət işi açılıb və hazırda ilkin araşdırma aparılır.
Qeyd edək ki, Narek Karapetyan daha əvvəl yalnız Ermənistan vətəndaşı olduğunu bəyan etmişdi.
10:38 20.05.2026
Oxunuş sayı: 119