AMEA Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil olunub.
Crossmedia.az xəbər verir ki, qiymətləndirmə üzrə müsahibə prosesində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edərək bildirib ki, Akademiyada elmi fəaliyyətin yeni qiymətləndirmə modeli tətbiq olunur və rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır. Akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, müasir dövrdə rəqəmsal cəmiyyətin sürətli inkişafı, Dördüncü Sənaye İnqilabının çağırışları, süni intellekt və yeni texnologiyalar elmi mühitdə yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, Akademiyada aparılan struktur dəyişiklikləri də məhz dövrün çağırışlarından irəli gəlir.
AMEA rəhbəri vurğulayıb ki, son illərdə Akademiyada elektron hərəkat, rəqəmsallaşma və süni intellekt istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu çərçivədə MDB məkanında ilk dəfə olaraq 2023-cü ilin yanvarında AMEA-da Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsi yaradılıb, daha sonra şöbənin fəaliyyəti dövrün çağırışlarına uyğun olaraq genişləndirilərək “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsi adlandırılıb. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda AMEA-da elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur, elektron kitabxana və elektron arxiv quruculuğu istiqamətində mühüm layihələr icra edilir. Həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarında “Elektron xidmətlər” şöbələrinin bazasında “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələri yaradılıb və həmin bölmələrin fəaliyyət imkanları genişləndirilib.
AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə rəqəmsal inkişaf və süni intellekt sahəsində qəbul olunan dövlət proqramları, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, həmçinin dövlət başçısının müvafiq Fərmanı əsasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması Akademiyanın qarşısında da mühüm vəzifələr müəyyənləşdirib.
Akademik İsa Həbibbəyli bildirib ki, Akademiya ölkədə rəqəmsallaşma prosesində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışır və həyata keçirilən yeniliklər nəticəsində yeniləşən Akademiya rəqəmsallaşma və süni intellektlə bağlı yeni mərhələyə qədəm qoyur.
Daha sonra komissiya tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi üçün müsahibə keçirilib. Elmi müəssisə və təşkilatlar tərəfindən verilmiş namizədlərlə müsahibə aparılıb, namizədlərin suallara verdikləri cavablar müvafiq bal sistemi ilə qiymətləndirilib. Müəyyən edilmiş sualları cavablandıran rəqəmsallaşma üzrə direktor müavinliyinə namizədlərin yekun nəticələri elan olunub.
Tədbirdə akademik Rasim Əliquliyev, akademik Əli Abbasov, akademik Şahin Mustafayev və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxış edərək rəqəmsal transformasiya prosesinin elmi müəssisələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar və namizədlərin cavablarını qənaətbəxş hesab etdiklərini bildiriblər.
Sonda yekun nitq ilə çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, qarşıdakı dövrdə müəssisə və təşkilatlarda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətində treninqlər, maarifləndirici dərslər və ixtisasartırma proqramları təşkil olunacaq. O, bu sahə üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Tədbirin sonunda institut və təşkilatların təqdim etdikləri namizədlərin rəqəmsallaşma üzrə direktor müavinləri vəzifələrinə müvafiq qaydada təsdiq olunması tövsiyə edilib, iştirakçılara uğurlar arzulanıb.