“MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib
“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə “MediaPulse” təcrübə proqramının növbəti görüşü baş tutub. Görüşün qonağı televiziya aparıcısı Jalə Həsənli olub.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev açıb.Sonra isə fakültənin dekanı Vüqar Əliyev qonağın televiziya sahəsindəki fəaliyyəti və peşəkar təcrübəsinin əhəmiyyəti barədə danışıb.
Daha sonra Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının rəhbəri Aynur Nəsirova çıxış edərək Jalə Həsənlinin televiziya sahəsindəki təcrübəsinin tələbələr üçün faydalı olduğunu vurğulayıb və iştirakçıları görüşdən maksimum yararlanmağa çağırıb.
Rəsmi hissədən sonra tədbir interaktiv müzakirə formatında davam edib. Qonaq tələbələrlə öz peşəkar təcrübəsini bölüşüb, televiziya və media sahəsinin incəlikləri, eləcə də bu sahədə uğur qazanma yolları barədə fikirlərini paylaşıb.
O, çıxışının sonunda tələbələrə uğurlar arzulayıb. Həmçinin nəzəri biliklə yanaşı praktiki təcrübəyə daha çox önəm verməyin vacibliyini xüsusi olaraq vurğulayıb.
15:50 07.05.2026
Oxunuş sayı: 53