Azərbaycanda bakalavr pilləsindən birbaşa doktoranturaya keçid mümkün olacaq?
Müasir dövlət quruculuğu prosesində milli təhlükəsizlik və elmi tərəqqi bir-birindən ayrı təsəvvür edilə bilməyən iki əsas sütundur. Azərbaycan ordusunun qlobal hərbi standartlara uyğun şəkildə modernləşməsi yalnız texnoloji üstünlüklə deyil, həm də yüksək intellektual potensiala malik kadrların bu sistemə inteqrasiyası ilə mümkündür. Eyni zamanda, akademik mühitdə elmi kadrların yetişdirilməsi prosesi təkcə sürət deyil, həm də metodoloji dərinlik tələb edir. Bu baxımdan, ali təhsilli şəxslərin hərbi xidmət müddəti və bakalavrdan birbaşa doktoranturaya keçid məsələləri həm dövlət maraqları, həm də fərdi inkişaf trayektoriyası prizmasından dərindən təhlil olunmalıdır. Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlama verib.

O, Azərbaycanda ali təhsilli şəxslərə güzəştlərin edildiyini, dəyişikliklərin olacağı təqdirdə isə bunun peşəkar yanaşma ilə olmasının vacibliyini vurğulayıb:
"Azərbaycanda bütövlükdə ali təhsilli şəxslərə münasibətdə hərbi xidmətdə güzəştlər tətbiq olunur. Hazırda ali təhsilli şəxslərin bir il müddətinə xidmət keçməsi ilə bağlı qərarı doğru hesab edirəm. Bu müddətin azaldılması və yaxud artırılması istiqamətində zaman-zaman fərqli fikirlər eşidirik və bunu əsaslandıranlar da var. Amma düşünürəm ki, bir illik müddət hazırda "qızıl orta" kimi dəyərləndirilə bilər. Ümumilikdə hərbi xidmət sistemində hansısa dəyişikliklərlə bağlı mütləq şəkildə peşəkar yanaşmalar olmalıdır. Bizim ordumuz kifayət qədər peşəkardır və müasirləşmə istiqamətində ali təhsilli gənclərin bilik və bacarıqlarından istifadəni zəruri edir. Çünki müasir ordulara baxanda görürük ki, Azərbaycan ordusu da dünyada kifayət qədər modern ordulardan biridir. Texnoloji silahların və müxtəlif hərbi mühəndis qurğularının istifadəsində ali təhsilli gənclərin potensialı kifayət qədər öyrənilir. Nəzərə alsaq ki, son dövrlərdə dünyanın top universitetlərində təhsil almış gənclərə münasibətdə Milli Müdafiə Universitetində müvafiq xidmət imkanlarının yaradılması, hesab edirəm ki, məhz qeyd etdiyim mövzuda işlərin real tətbiqidir".
Ekspert bakalavr pilləsindən birbaşa olaraq doktorantura pilləsinə keçidin çətin ola biləcəyini bildirib: Dünyada bakalavr pilləsindən birbaşa doktoranturaya keçid imkanı var. Lakin bakalavr pilləsindən birbaşa doktoranturaya keçidin Azərbaycanda tətbiqini çətin hesab edirəm. Çünki magistratura pilləsi bakalavrın təkrarı deyil. O, əslində elmi tədqiqatlara başlamaq üçün ilkin mərhələ kimi dəyərləndirilir. İki illik magistratura pilləsində təhsil alan gənclərimiz tədqiqat metodologiyasına keçid əldə edirlər: elmi iş yazır, dissertasiya müdafiə edirlər. Bakalavr pilləsində bu bacarıqlar tam verilmir. Əgər magistratura tələbənin elmi tədqiqat metodologiyasını öyrəndiyi bir "keçid körpüsü"dürsə, bu mərhələni adlamadan doktoranturaya başlamaq tələbənin ağır yük altında çətinlik çəkməsinə səbəb olar. Hesab etmirəm ki, bu keçid mütləqdir. Onsuz da istedadlı gənclərə münasibətdə — istər orta məktəb, istər bakalavr, istərsə də magistratura pilləsində olsun — xüsusi qabiliyyəti ilə fərqlənənlərə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müəyyən güzəştlər olunur. Məsələn, doktorantura müddətində elmi işini vaxtından tez təqdim edənlərə növbədənkənar müdafiə imkanı yaradılır. Eyni zamanda orta məktəbdə kifayət qədər istedadlı şagirdlər eksternat qaydada imtahan verərək sinifdən-sinfə keçirlər. Yəni bu kimi yanaşmalar onsuz da ölkəmizdə mövcuddur".
İ. Orucov onu da qeyd edib ki, müəyyən imtiyazlar yalnız xüsusi nailiyyətləri olan şəxslərə aid edilməlidir:
"Mən kütləvi şəkildə birbaşa keçidin tətbiqini doğru saymıram. Hesab edirəm ki, bu sistemin yalnız xüsusi nailiyyətləri olan şəxslərə şamil edilməsi müzakirə mövzusu ola bilər. Bu, həm də tələbələr arasında sağlam rəqabəti artırar. Amma yetər ki, bu yanaşma əsaslandırılmış olsun. Bakalavr pilləsindən birbaşa doktoranturaya kütləvi keçidi riskli və əsassız addım hesab edirəm. Təhsillə bağlı qərarların qəbulunda həm beynəlxalq təcrübəyə, həm də özünü təsdiq etmiş ağıllı yanaşmalara istinad edilməlidir".
Turqut Ansari
18:16 29.04.2026
Oxunuş sayı: 50