Yüz yaşamaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır?
Gündəlik həyatımızda süfrəmizə qoyduğumuz bəzi məhsullar ilk baxışda zərərsiz, hətta adi görünür. Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, bu qidaların bir hissəsi uzun müddət və nəzarətsiz istifadə olunduqda orqanizmə yığılan zərər effekti yaradır. Yəni məsələ tək bir dəfə istifadədə deyil, vərdiş halına çevrilən istehlakdadır.

Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərovun sözlərinə görə, bəzi məhsullar var ki, davamlı və nəzarətsiz istifadə edildikdə uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər: "Yəni problem bir dəfə yeməkdə deyil, vərdiş halına gətirməkdədir. Emal olunmuş ət məhsulları, o cümlədən kolbasa və sosiska tez-tez nitrit və nitratlar ehtiva edir. Həddindən artıq istifadəsi bəzi xərçəng növləri ilə əlaqələndirilir və yüksək duz miqdarına görə təzyiq və ürək-damar riskini artırır. Şəkərli içkilər və paket şirələrdə əsas problem gizli şəkər yüküdür. Bu məhsullar artıq çəki, insulin müqaviməti, diş problemləri və uzunmüddətli metabolik pozğunluqlar riskini artırır. Trans yağ tərkibli məhsullar, o cümlədən marqarin və ucuz şirniyyatlar “pis xolesterini” artırır, “yaxşı xolesterini” azaldır və ürək-damar xəstəlikləri riskini yüksəldir. Fast-food və dərin yağda qızardılmış qidalar yüksək kalorili və aşağı qida dəyərinə malikdir. Yağın təkrar istifadəsi zamanı zərərli birləşmələr yaranır və bu da uzun müddətdə piylənmə və qaraciyər problemlərinə səbəb ola bilər".
F.Səfərov həmçinin vurğulayıb ki, həddindən artıq duzlu məhsullar hipertoniya riskini artırır, böyrəklərə əlavə yük yaradır və xüsusilə paket məhsullarda gizli duz miqdarı yüksək olur: "Aşağı keyfiyyətli və nəzarətsiz küçə qidaları xüsusilə isti havalarda mikrobların sürətlə çoxalması ilə əlaqədar qida zəhərlənməsi riskini artırır və saxlanma şəraiti çox vaxt uyğun olmur. Heç bir məhsul tək başına “zəhər” deyil. Amma tez-tez, çox miqdarda və nəzarətsiz istifadə onları “yavaş zəhərə” çevirir".
Fatimə
19:13 20.04.2026
Oxunuş sayı: 51