Azərbaycan-Ermənistan görüşləri - Vətəndaş cəmiyyəti dialoqu nə vəd edir?
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vətəndaş cəmiyyəti səviyyəsində aparılan dialoq təşəbbüsləri davam edir.
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində təşkil olunan növbəti görüş bu prosesin davamlılığını təmin etməklə yanaşı, tərəflər arasında birbaşa əlaqələrin qurulmasına və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Aprelin 10–12-də Azərbaycanda keçiriləcək ikitərəfli dəyirmi masa çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək sülh gündəliyinin aktual məsələlərini müzakirə edəcəklər.
Görüş həm regionda sabitliyin möhkəmləndirilməsi, həm də gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd edilməlidir ki, bu cür səfərlər olduqca faydalıdır və onları sülh quruculuğu prosesinin infrastrukturunun tərkib hissəsi kimi dəyərləndirmək mümkündür.
Bu təşəbbüslərin əsas üstünlükləri nədən ibarətdir? Əsas üstünlüklərdən biri ondan ibarətdir ki, belə təmaslar illər ərzində formalaşmış düşmən obrazının zəiflədilməsinə xidmət edir. İnsanlar bir-birini yalnız təbliğat vasitəsilə tanıdıqda nifrət hissinin yaranması daha asan olur. Bu zaman hər kəs qarşı tərəf haqqında özündə müəyyən stereotip formalaşdırır və birbaşa təmas olmadığından təbliğat və propaqanda nifrəti daha rahat şəkildə körükləyə bilir.
Lakin birbaşa təmaslar bu prosesin qarşısını alan mühüm alətə çevrilir. Digər vacib məqam isə ondan ibarətdir ki, bu görüşlər cəmiyyətlər arasında minimum etimadın formalaşmasına xidmət edir.
Məlumdur ki, siyasi razılaşmalar kağız üzərində imzalanır, lakin onların real tətbiqi üçün ictimaiyyətin həmin razılaşmaları qəbul etməsi əsas şərtdir.
Üçüncü mühüm məqam ondan ibarətdir ki, səfərlərdə iştirak edən şəxslər geri döndükdə artıq eşitdiklərini deyil, gördüklərini paylaşırlar. Bu isə ictimai rəyə təsir edən ən güclü amillərdən biridir. İnsanların şəxsi müşahidələrə əsaslanan fikirləri daha inandırıcı olur və bu da ümumi yanaşmaya müsbət təsir göstərir.
Qeyd etmək lazımdır ki, bu cür təşəbbüslər sülh prosesini təkbaşına sürətləndirə bilməz. Lakin onlar xalqlar arasında yaxınlaşmanı və birbaşa təmasların qurulmasını təmin edən vacib elementlərdən biridir. Əgər bu proses davamlı xarakter alarsa, genişlənərsə və konkret əməkdaşlıq müstəvisinə keçərsə, o zaman sülh üçün real zəmin formalaşdıra bilər.
Əks halda, əgər bu səfərlər epizodik xarakter daşıyarsa və yalnız görüntü naminə həyata keçirilərsə, onların təsiri məhdud olacaqdır.
Lakin müşahidə olunur ki, səfərlərin davamlılığı, iştirakçıların sayının artması və müxtəlif sahələri əhatə etməsi bu istiqamətdə real iradənin mövcudluğunu göstərir. Bu isə prosesin formal deyil, məzmunlu xarakter daşıdığını sübut edir.
Eyni zamanda, müzakirə platformalarının getdikcə genişlənməsi və daha çox sahəni əhatə etməsi gələcəkdə təsirin daha da artacağını deməyə əsas verir. Artıq bu prosesin tematik istiqamətlər üzrə inkişaf etdirilməsi zərurəti yaranır.
Xüsusilə ekoloji, humanitar və digər sahələr üzrə konkret birgə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, bu görüşlərin müxtəlif regionlarda, o cümlədən sərhəd zonalarına yaxın ərazilərdə keçirilməsi birbaşa təmasların daha da intensivləşməsinə şərait yarada bilər.
Nəticə etibarilə qeyd etmək lazımdır ki, bu cür səfərlər sülhün özü olmasa da, sülhə aparan ən çətin və vacib mərhələlərdən birinə — cəmiyyətlərin bir-birini qəbul etməsi prosesinə xidmət edir. Bu baxımdan, onların davamlı və fasiləsiz xarakter alması ümumi sülh quruculuğu prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər".
Elmir Heydərli
20:00 11.04.2026
Oxunuş sayı: 55