İlham Əliyevin səfəri iki dövlətin münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi
Cənubi Qafqaz regionu tarixən müxtəlif geosiyasi maraqların toqquşduğu, eyni zamanda əməkdaşlıq imkanlarının formalaşdığı mühüm məkan kimi tanınır. Bu mürəkkəb mühitdə dövlətlər arasında etibarlı, sabit və uzunmüddətli münasibətlərin qurulması yalnız milli maraqların təmin olunması baxımından deyil, bütövlükdə regionun təhlükəsizliyi və davamlı inkişafı üçün həlledici rol oynayır. Bu baxımdan, qarşılıqlı hörmət və ortaq strateji baxışlara əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu kontekstdə Azərbaycan ilə Gürcüstan arasında formalaşmış münasibətlər region üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. İkitərəfli əlaqələrin ardıcıl şəkildə inkişaf etdirilməsi, siyasi dialoqun yüksək səviyyədə saxlanılması və iqtisadi sahədə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi bu tərəfdaşlığın dayanıqlı xarakterini təmin edir və onun perspektivlərini daha da genişləndirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Soltan Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Tarixi dostluq, qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan–Gürcüstan əlaqələri regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və iki dost, qonşu ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi.
Bu səfər Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində cənab Prezident İlham Əliyevin Gürcüstan Prezidenti və Baş Naziri ilə keçirdiyi görüşlər, eləcə də mətbuata verilən bəyanat Azərbaycan–Gürcüstan münasibətlərinin strateji mahiyyətini, dərin tarixi köklərini və gələcəyə yönəlmiş çoxşaxəli əməkdaşlıq perspektivlərini bir daha aydın şəkildə ortaya qoymuş oldu".
Deputat həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında formalaşmış yüksək səviyyəli münasibətlər iqtisadi sahədə də öz real, dayanıqlı və effektiv nəticələrini verməkdədir:
"Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər bu gün Cənubi Qafqazda formalaşmış ən uğurlu və nümunəvi əməkdaşlıq modellərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–Gürcüstan iqtisadi münasibətlərinin strateji mahiyyəti ilk növbədə enerji və nəqliyyat layihələrində özünü göstərir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz çərçivəsində həyata keçirilən təşəbbüslər Azərbaycan–Gürcüstan tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətini də artırır. Bu layihələr sayəsində ölkələrimiz Avropanın enerji təhlükəsizliyinə, beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsinə və Avrasiya məkanında iqtisadi bağlantıların genişlənməsinə mühüm töhfə verir. Son illərdə ticarət dövriyyəsində müşahidə olunan artım, qarşılıqlı investisiya təşəbbüslərinin genişlənməsi və yeni birgə layihələrlə bağlı müzakirələr iki ölkə arasında iqtisadi əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini göstərir.
Azərbaycan və Gürcüstan arasında formalaşmış etibarlı tərəfdaşlıq modeli bundan sonra da regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfə verəcək: “Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazda konstruktiv əməkdaşlığın, qarşılıqlı faydalı tərəfdaşlığın və davamlı inkişafın təşviqində prinsipial və ardıcıl siyasət həyata keçirir."
Elmir Heydərli
12:51 09.04.2026
Oxunuş sayı: 448