Türkiyədən enerji sektorunda böyük dönüş: Kömür dövrü başa çatır?
Türkiyədə son onillikdə enerji sektorunda ciddi dəyişikliklər baş verib. Ölkədə külək və günəş enerjisinin istehsal gücü sürətlə artarkən, yeni kömür elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin böyük əksəriyyəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Global Energy Monitor” (GEM) təşkilatının tədqiqatçıları Kristin Şirer və Janayım Kozıbayın təhlilində bildirilib.
Araşdırmaya əsasən, 2014-cü ildə Türkiyədə planlaşdırılan kömür elektrik stansiyalarının ümumi gücü 54,5 giqavat təşkil edirdi. Həmin dövrdə ölkə bu göstəriciyə görə yalnız Çin və Hindistandan geri qalırdı. Lakin sonrakı illərdə layihələrin demək olar ki, hamısı dayandırılıb və ya ləğv edilib.
Hazırda yalnız bir neçə kömür enerjisi layihəsi gündəmdə qalır. Bunlara Afşin-Elbistan elektrik stansiyasının genişləndirilməsi və Çanaqqalada yerləşən Cenal stansiyasında yeni enerji blokunun tikintisi daxildir.
Bunun əksinə olaraq, külək və günəş enerjisinin payı əhəmiyyətli dərəcədə artıb. Hazırda bu mənbələr Türkiyənin ümumi quraşdırılmış elektrik enerjisi istehsal gücünün təxminən üçdə birini təşkil edir.
Türkiyə hökuməti 2035-ci ilə qədər külək və günəş enerjisi üzrə ümumi gücü üç dəfə artıraraq 120 giqavata çatdırmağı hədəfləyir.
Ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, 2015–2025-ci illərdə bərpa olunan enerji mənbələrinin genişləndirilməsi nəticəsində 21,5 milyard dollar dəyərində fosil yanacaq idxalının qarşısı alınıb.
Araşdırmada qeyd olunur ki, külək və günəş enerjisi artıq yeni elektrik enerjisi istehsalı üçün iqtisadi baxımdan ən sərfəli variantlar sırasındadır. Türkiyə həmçinin bərpa olunan enerji mənbələri ilə birlikdə istifadə edilən batareya saxlama sistemlərinin inkişafı üzrə aparıcı ölkələrdən biridir.
Bununla belə, ölkənin yerli kömür ehtiyatları enerji təhlükəsizliyi baxımından müəyyən çətinliklər yaradır. Rəsmi məlumatlara görə, Türkiyənin kömür ehtiyatlarının 93 faizini aşağı keyfiyyətli linyit və asfaltit təşkil edir. Bu yanacaqların istifadəsi daha çox çirklənməyə və enerji istehsalında səmərəliliyin azalmasına səbəb olur.
“Ember” təşkilatının araşdırmasına əsasən, Türkiyədə yerli kömürlə işləyən elektrik stansiyalarının 10,4 giqavatlıq gücünün orta hesabla yalnız yarısı istənilən vaxt elektrik enerjisi istehsalına hazır vəziyyətdə olur.
Digər tərəfdən, Avropa İttifaqının 2026-cı ilin yanvarından tətbiq etdiyi Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) Türkiyənin enerji siyasətinə əlavə təsir göstərir.
Yeni mexanizm polad, alüminium, sement və elektrik enerjisi kimi məhsulların istehsalı zamanı yaranan karbon emissiyalarına görə əlavə maliyyə öhdəlikləri nəzərdə tutur.
Mütəxəssislərin fikrincə, Türkiyənin bərpa olunan enerjiyə keçidi yalnız iqlim məqsədlərinə nail olmaq üçün deyil, həm də Avropa bazarında rəqabət qabiliyyətini qorumaq və enerji idxalından asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Tədqiqatçılar hesab edirlər ki, Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi etməklə təmiz enerjiyə keçid sahəsində beynəlxalq səviyyədə daha fəal rol oynaya bilər.
09:48 17.10.2026
Oxunuş sayı: 60