Molekulyar Biologiya İnstitutunda “Elm günü” münasibətilə seminar keçirilib
Aprelin 8-də AR ETN Molekulyar Biologiya İnstitutunda “Elm günü” münasibətilə seminar keçirilib. Seminarda Molekulyar Biologiya İnstitutunun dissertantı, Chelsea and Westminster Hospitalında (Böyük Britaniya, London) pediatrik cərrah kimi fəaliyyət göstərən İlhamə Cəfərli “Genital Anomaliyalar və Androgenə qarşı həssaslıq sindromu zamanı rekonstruksiyada androgen reseptorlarının rolu” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, Androgen Insensitivity Syndrome (Androgenə həssaslığın olmaması sindromu) nadir rast gəlinən irsi vəziyyətlərdən biridir və əsasən genetik olaraq kişi (46, XY) olan fərdlərdə müşahidə olunur. Bu halda orqanizmdə kişi hormonları — testosteron və onun daha güclü forması olan dihidrotestosteron normal səviyyədə olsa da, bədən bu hormonlara lazımi şəkildə “cavab vermir”. Bunun səbəbi isə androgen reseptoru adlanan xüsusi zülalda yaranan genetik dəyişikliklərdir. Normalda bu reseptor hormonları qəbul edir və hüceyrələrə “kişi tipli inkişaf” üçün siqnallar göndərir. Lakin AIS zamanı bu mexanizm pozulur. Nəticədə kişi cinsiyyət xüsusiyyətləri tam formalaşmır və bəzi hallarda xarici görünüş qadın fenotipinə daha yaxın ola bilər. Müasir tibbdə AIS ilə bağlı yanaşmalar fərdidir. Hormon terapiyası və tibbi müşahidə əsas rol oynayır. Eyni zamanda bu sahə hormonların təsir mexanizmlərinin öyrənilməsi və gələcəkdə genetik müalicə üsullarının inkişafı baxımından da aktualdır. İlhamə Cəfərlinin çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Məruzəçi çoxsaylı sualları cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.
09:45 09.04.2026
Oxunuş sayı: 129