İran ABŞ-yə sərt mesaj göndərdi
Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ ilə mümkün danışıqlara dair kəskin mövqe sərgiləyərək bəyan edib ki, “təhdidlər müzakirə mövzusu ola bilməz”.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, ultimatumlar, təhdidlər və müharibə cinayətləri fonunda danışıqların aparılması mümkün deyil.
Onun sözlərinə görə, İran və xalqı ABŞ ilə əvvəlki danışıqlarda “acı təcrübə” yaşayıb və bu təcrübələr unudula bilməz. Bəqayi vurğulayıb ki, mövcud şəraitdə əsas diqqət ölkənin müdafiəsinə yönəldilməlidir.
“Düşmən hər gün yeni cinayətlər törətdiyi halda bütün kəşfiyyat və resurslar ölkənin müdafiəsinə səfərbər olunmalıdır”, – deyə o əlavə edib.
Bəqayi həmçinin qeyd edib ki, ABŞ və İsrail tərəfindən enerji və sənaye obyektlərinin hədəf alınması, eləcə də mülki infrastruktura hücumlar müharibə cinayətlərinə nümunə kimi qiymətləndirilir.
Bölgədə gərginliyin artdığı bir vaxtda tərəflər arasında ritorika daha da sərtləşməkdə davam edir.
16:00 06.04.2026
Oxunuş sayı: 47