Xarq adasına hücum – ABŞ-İsrail və İran üçün hansı fəsadlar ola bilər?
Yaxın Şərqdə son dövrlər ABŞ-İran münasibətlərində gərginliyin artması, xüsusilə Donald Tramp tərəfindən Xarq adası və İranın neft infrastrukturuna mümkün hərbi zərbələrlə bağlı səsləndirilən hədələr, regionda təhlükəsizlik mühitini kritik bir mərhələyə gətirib.
İran rəsmilərinin cavab olaraq hücum arealının genişləndiriləcəyi ilə bağlı xəbərdarlıqları, bu qarşıdurmanın yalnız lokal ölçüdə qalmayacağını, əksinə daha geniş bir geosiyasi və hərbi böhrana çevrilə biləcəyini göstərir.
Eyni zamanda, diplomatik səylər və regional vasitəçilik təşəbbüsləri – o cümlədən Pakistan üzərindən aparılan danışıqlar – gərginliyin yumşaldılması və tərəflərin mümkün dialoqa yönləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırkı situasiya həm hərbi, həm siyasi, həm də iqtisadi səviyyədə çoxşaxəli nəticələr doğura biləcək mürəkkəb bir proses kimi qiymətləndirilir.
Bu baxımdan ABŞ-İran münasibətlərindəki son gərginliklər yalnız iki ölkənin deyil, bütün regionun təhlükəsizlik və enerji balansına birbaşa təsir göstərə biləcək kritik hadisə kimi izlənilməlidir.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Crossmedia.az-a müsahibə verib:

- İran rəsmiləri bildirmişdilər ki, ABŞ Xarq adasına hücum edərsə İran hücum arealını genişləndirəcək. Necə düşünürsünüz ABŞ hücum edəcəkmi?
- Əslində, Amerika Birləşmiş Ştatlarının Xarq adasına hücumu ilə bağlı verilən bəyanatlar Vaşinqtonu ciddi bir dilemma qarşısında qoyur. Çünki ABŞ-nin mövqeyinə görə, əgər İran Hörmüz boğazını açmağa razılaşmasa, yəni burada destruktiv fəaliyyətini davam etdirsə və ABŞ-nin sülh danışıqları ilə bağlı təkliflərini rədd etsə, bu halda ABŞ Xarq adasına zərbələr endirə bilər.
Lakin burada mühüm bir məqam var. ABŞ-nin Hörmüz boğazı ilə bağlı əsas narahatlığı dünya bazarlarında neftin və maye qazın qiymətlərinin kəskin şəkildə artması ilə bağlıdır.
Digər tərəfdən isə məlumdur ki, İranın neft ixracının təxminən 90 faizi məhz Xarq adasındakı terminallar və infrastruktur vasitəsilə həyata keçirilir. Əgər bu infrastruktur vurularsa, bu zaman neftin qiymətləri düşmək əvəzinə, əksinə daha da arta bilər.
Çünki həm neftin, həm də maye qazın dünya bazarlarına çıxarılan həcmi azalacaq. Bu isə enerji daşıyıcılarının qiymətlərinin daha da yüksəlməsinə gətirib çıxaracaq.
Beləliklə, burada ciddi bir dilemma yaranır. Bir tərəfdən ABŞ enerji bazarlarını sabit saxlamaq istəyir, digər tərəfdən isə təzyiq vasitəsi kimi Xarq infrastrukturunu hədəf ala bilər.
ABŞ hesab edir ki, Xarq adasında İranın neft ixracını təmin edən infrastrukturun vurulması İranı təslim olmağa vadar edə bilər. Lakin bu, heç də qəti deyil.
Mən hesab edirəm ki, bu ssenari tam real deyil. İranın ABŞ-nin irəli sürdüyü şərtlərlə razılaşması inandırıcı görünmür. Hətta nüvə proqramını bir kənara qoysaq belə, raket istehsalı məsələsində İranın geri addım atacağı şübhəlidir. ABŞ-nin təklif etdiyi şərtlərdə İranın raket proqramına məhdudiyyət qoyulması nəzərdə tutulur ki, bu da Tehran üçün strateji məsələdir.
Bu baxımdan İranın belə öhdəlikləri qəbul edəcəyi real görünmür. Digər tərəfdən, əgər hücum baş verərsə, İranın cavab variantlarının hazır olduğu şübhəsizdir. Artıq hadisələrin gedişi göstərib ki, İran bu cür ssenarilərə hazırlaşıb.
Xüsusilə, son illərdə regionda baş verən müharibələrdən və geosiyasi dəyişikliklərdən sonra İran öz müdafiə və cavab potensialını gücləndirib.
Bu baxımdan Xarq adasına hücum məsələsi daha da mürəkkəbləşir. ABŞ hücum edəcəkmi? Bu artıq təkcə dilemma deyil, müxtəlif ssenarilərin mövcud olduğu bir vəziyyətdir. Donald Tramp da qeyd edib ki, bu variant istisna edilmir və ABŞ-ın əlində müxtəlif seçimlər var. Lakin bu seçimlərin detalları açıqlanmır. Burada bir mühüm fərqə də aydınlıq gətirmək lazımdır.
- ABŞ hücum edərsə İranın hücum arealı hansı coğrafi regionlarda genişlənə bilər?
- “Hücum” anlayışı ilə “hərbi zərbələr” eyni məna daşımır. Hərbi zərbələr əsasən hava hücumlarını ifadə edir. Hücum isə daha geniş anlayışdır və quru əməliyyatlarını, o cümlədən desant çıxarılmasını da əhatə edir.
Mən hesab edirəm ki, İran üçün əsas təhlükə hava zərbələrindən çox, məhz quru əməliyyatları, yəni Amerika desantının adaya çıxarılması ola bilər.
Lakin bu, eyni zamanda ABŞ üçün də ciddi risklər yaradır. Əgər Xarq adasına hücum baş verərsə, İran qarşıdurma arealını genişləndirməyə çalışacaq.
İran artıq bəyan edib ki, belə bir halda ABŞ-nin müdafiə sənayesi ilə bağlı şirkətlərinə, xüsusilə Yaxın Şərqdə fəaliyyət göstərən bölmələrinə zərbələr endirə bilər. Bu isə regionda daha geniş miqyaslı qarşıdurmaya səbəb ola bilər.
Digər tərəfdən, Yaxın Şərq ümumilikdə geniş bir geosiyasi arealdır və burada qarşıdurmanın yayılması ehtimalı yüksəkdir. Xüsusilə bu kontekstdə İran Yəməndəki husilər vasitəsilə Bab əl-Məndəb boğazını hədəfə ala bilər. Bu isə Süveyş kanalı marşrutuna ciddi zərbə deməkdir.
Qeyd etmək lazımdır ki, Bab əl-Məndəb üzərindən keçən marşrut Hörmüz qədər böyük olmasa da, yenə də qlobal ticarət və enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Bu marşrutun da zərbə altına düşməsi dünya bazarlarında neft və maye qaz qiymətlərinin daha da artmasına səbəb ola bilər.
Bu baxımdan İranın husilər vasitəsilə bu istiqamətdə addım atması real ssenarilərdən biri kimi görünür.
Yeri gəlmişkən, bu kontekstdə diqqətçəkən məqamlardan biri də İranın Livandakı səfirinin ölkəni tərk etməkdən imtina etməsidir. Bu, beynəlxalq münasibətlər tarixində nadir hallarda rast gəlinən addımdır və İranın regionda aktivliyini davam etdirmək niyyətini göstərir.
Bütün bunlar onu göstərir ki, İran birbaşa özü ilə yanaşı, proksi qüvvələr vasitəsilə də qarşıdurma arealını genişləndirməyə çalışacaq və bunu öz təhlükəsizliyinin təmin edilməsi kimi əsaslandıracaq.
- Azərbaycan bu proseslərdə hansı mövqedə dayanacaq?
- Mən düşünürəm və əminəm ki, əslində Azərbaycanın hazırda tutduğu mövqe — təkcə bu gün yox, ümumilikdə bütün münaqişələrdə, xüsusilə də Azərbaycana birbaşa yaxın regionlarda və sərhəd ölkələrdə baş verən hadisələrdə sülhpərvər mövqe sərgiləməsi, tərəfləri sülhə çağırması və bütün problemlərin danışıqlar yolu ilə həllini dəstəkləməsi — ən düzgün prinsip və ən doğru siyasətdir.
Çünki məsələ ondadır ki, bu münaqişələrdə iştirak edən dövlətlər arasında ziddiyyətlər o qədər dərindir ki, Azərbaycanın bu və ya digər şəkildə sülhpərvər mövqedən kənara çıxması arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Azərbaycan tarixən sülh tərəfdarı olub və bu gün də bu xəttə sadiq qalır. Burada Azərbaycanın ən düzgün və sərrast siyasəti ondan ibarətdir ki, ölkə heç bir tərəflə üçüncü bir tərəfə qarşı düşmənçilik kontekstində münasibətlər qurmur. Azərbaycan bu tip siyasətdən uzaqdır.
Yeri gəlmişkən, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü də bu prinsipi açıq şəkildə təsdiqləyir və möhkəmləndirir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan yalnız tərəflərin dinc yolla ortaq məxrəcə gəlməsi istiqamətində töhfə verə bilər. Üstəlik, Azərbaycanın bu istiqamətdə kifayət qədər uğurlu təcrübəsi və nümunələri də mövcuddur.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan bəzi konkret məsələlərdə də öz mövqeyini açıq şəkildə ortaya qoyur. Məsələn, İran ərazisindən İsrail istiqamətinə dron və raketlərin atılması ilə bağlı Azərbaycan tərəfi bəyan edib ki, bu məsələdə qardaş Türkiyənin mövqeyini dəstəkləyir.
Bu yanaşma ondan irəli gəlir ki, bu cür insidentlər, o cümlədən Naxçıvan istiqamətində baş verən hadisələr İran tərəfindən araşdırılmalı və adekvat qiymət verilməlidir. Azərbaycanın mövqeyi ümumilikdə bundan ibarətdir. Çünki Azərbaycanın həm Amerika Birləşmiş Ştatları, həm İsrail, həm də İranla mühüm və müsbət münasibətləri mövcuddur.
Azərbaycan bütün tərəflərlə balanslı siyasət yürütməyə çalışır. Eyni zamanda, Azərbaycan həm İrana, həm də digər qonşu dövlətlərə münasibətdə həmişə dinc qonşuluq və əməkdaşlıq prinsipinə əsaslanıb. Bu baxımdan Azərbaycan yalnız tərəflər arasında münaqişələrin dinc yolla həllini dəstəkləyir və bu siyasətə sadiq qalır.
- Pakistan danışıqlarının effektini necə qiymətləndirirsiniz?
- Digər mühüm məqam isə Pakistanın bu prosesdə vasitəçilik missiyasıdır. Mən hesab edirəm ki, Pakistanın bu rolu kifayət qədər diqqətəlayiqdir. Pakistanın Amerika Birləşmiş Ştatları ilə tarixən müxtəlif mərhələlərdən keçən münasibətləri olub — həm müsbət dövrlər, həm də müəyyən gərginliklər yaşanıb.
Bununla belə, Pakistan bu gün artıq beynəlxalq arenada söz sahibi olan və öz mövqeyini ifadə edə bilən ölkələrdən biridir.
Xüsusilə qeyd etmək lazımdır ki, Pakistan ilə Çin arasında çox ciddi strateji münasibətlər mövcuddur. Hətta Pakistan-Hindistan gərginliyində belə Çin əksər hallarda Pakistanın mövqeyini dəstəkləyir.
Bu kontekstdə Pakistanın vasitəçiliyi ilə Türkiyə, Misir və digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş və orada səsləndirilən bəyanatlar xüsusi əhəmiyyət kəsb edir.
Maraqlıdır ki, Çin də bu təşəbbüsü və həmin görüşdə qəbul edilən yanaşmaları dəstəkləyir. Bu isə onu deməyə əsas verir ki, Pakistanın bu vasitəçilik təşəbbüsündə Çinin də rolu az deyil.
Çünki birbaşa Pekinin vasitəçiliyi ABŞ tərəfindən birmənalı qarşılanmaya bilər. Bunun səbəbi isə Çinlə İran arasında mövcud olan geniş iqtisadi, geosiyasi və hətta hərbi əməkdaşlıqdır.
Bu baxımdan Pakistanın vasitəçi kimi çıxış etməsi həm də Çinin maraqlarına uyğun bir model kimi görünür. Bu, daha çox dolayı və gizli diplomatik fəaliyyət formatıdır. Bu o demək deyil ki, Çin bunu açıq şəkildə bəyan edir, lakin proseslərin arxa fonunda onun təsiri hiss olunur.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, ABŞ ilə Çin arasında ciddi rəqabət mövcuddur. Lakin bu rəqabətin açıq qarşıdurmaya çevrilməsi hər iki tərəf üçün arzuolunan deyil. Çin artıq qlobal güc mərkəzlərindən biridir, nüvə dövlətidir və iqtisadi baxımdan ABŞ-ni müəyyən sahələrdə qabaqlamağa başlayıb.
Bu baxımdan hesab edirəm ki, Pakistanda keçirilən görüşlərdə səsləndirilən fikirlər və qəbul edilən yanaşmalar həm ABŞ-yə, həm də İrana çatdırılıb.
Və istisna deyil ki, bu platforma tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində müəyyən rol oynaya bilər. Bunun nə dərəcədə effektiv olacağını isə artıq gələcək proseslər göstərəcək.
- ABŞ quru əməliyyatlarına başlaya bilərmi?
- Amerika Birləşmiş Ştatlarının İranda quru əməliyyatlarına başlaması məsələsi kifayət qədər problemli və çoxşaxəli bir mövzudur. Bu məsələnin, necə deyərlər, hər medal kimi iki üzü var və xüsusilə də əks tərəfi ciddi narahatlıqlar doğurur.
Bir qədər əvvəl Xarqda məsələsinə toxunduq. Burada vəziyyət belədir: bir variant var desantın atılması, digər variant isə hava zərbələrinin endirilməsidir.
Desant əməliyyatları baxımından qeyd etmək lazımdır ki, hazırda Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının hərbi şəxsi heyətinin sayı təxminən 50 minə çatıb. Lakin konkret olaraq Xarqda kimi bir istiqamət üçün bu sayın hamısını istifadə etmək mümkün deyil. Yəni bütün qoşunların, son əsgərə qədər həmin əraziyə yerləşdirilməsi real görünmür.
Hətta nəzəri olaraq fərz etsək ki, bu 50 minlik qüvvə ora yerləşdirildi, bu belə onların təhlükəsizliyini təmin etmir.
Əksinə, həmin hərbi qüvvə birbaşa hədəfə çevrilə bilər. Üstəlik, mütləq deyil ki, İran həmin ərazidə çoxsaylı quru qoşunları yerləşdirsin.
Bu halda, həmin qüvvələr faktiki olaraq tələyə düşmüş vəziyyətə düşə bilər və müxtəlif istiqamətlərdən hərbi zərbələrə məruz qala bilərlər.
Digər mühüm məqam ondan ibarətdir ki, məsələ təkcə Xarqada ilə məhdudlaşmır. Əsas müzakirə mövzusu İranda — yəni kontinental ərazidə quru əməliyyatlarının mümkünlüyüdür. Bu isə daha mürəkkəb və riskli ssenaridir.
Mən hesab etmirəm ki, Amerika Birləşmiş Ştatları yalnız 50 minlik və ya ümumiyyətlə, Yaxın Şərqdə yerləşən bütün hərbi kontingentini səfərbər etməklə İranda genişmiqyaslı quru əməliyyatlara başlaya bilər. Bu, praktik baxımdan real deyil və belə bir addım böyük itkilərlə nəticələnə bilər.
Çünki İranın quru qoşunlarının sayı kifayət qədər çoxdur və belə bir ssenaridə partizan müharibəsi ehtimalı da yüksəkdir. Bu isə xarici qüvvələr üçün ciddi çətinliklər yaradar.
Daha real görünən ssenari isə ondan ibarət ola bilər ki, Amerika Birləşmiş Ştatları və İsrail hərbi əməliyyatlara birbaşa genişmiqyaslı müdaxilə ilə deyil, daha məhdud kontingentlə — məsələn, 10-20-30 minlik qüvvə ilə başlasın.
Eyni zamanda, İran daxilində, xüsusilə kürdlərin kompakt yaşadığı ərazilərdə və ya Bəlucistanda daxili narazılıqları aktivləşdirmək, üsyan və ya qiyam ocaqları yaratmaq yolu ilə əməliyyatları genişləndirməyə çalışsınlar.
Başqa sözlə, daxili faktorlar işə salınmadan, yəni İran daxilində müəyyən separatçı və ya müxalif qüvvələr hərəkətə gətirilmədən, Amerika Birləşmiş Ştatlarının təkbaşına və ya İsraillə birlikdə genişmiqyaslı quru əməliyyatlarına başlaması inandırıcı görünmür.
Digər tərəfdən, İsrailin özündə də müəyyən çətinliklər mövcuddur. İsrail ordusunun Baş Qərargah rəisinin də qeyd etdiyi kimi, hazırda şəxsi heyətin səfərbər olunması prosesində müəyyən problemlər yaşanır. Bu da İsrailin təkbaşına və ya genişmiqyaslı şəkildə İranda quru əməliyyatlarında iştirak imkanlarını məhdudlaşdırır.
Bütün bunları nəzərə alaraq demək olar ki, Amerika Birləşmiş Ştatlarının təkbaşına İranda quru əməliyyatlara başlaması real görünmür.
Əgər belə bir addım atılarsa, bu, ABŞ üçün İraq və Əfqanıstan təcrübələrindən daha ağır nəticələrə, böyük fiasko və uğursuzluğa gətirib çıxara bilər.
Bununla yanaşı, nəzəri olaraq belə bir ssenari də mümkündür ki, daxildə müəyyən qüvvələr hərəkətə gətirilir, eyni zamanda kənardan ABŞ və digər müttəfiq ölkələrin — hətta bəzi Körfəz dövlətlərinin iştirakı ilə kompleks hərbi əməliyyatlar həyata keçirilir. Lakin bu halda belə, uğur ehtimalı yüksək qiymətləndirilmir.
Çünki belə bir inkişaf artıq təkcə lokal münaqişə çərçivəsindən çıxaraq, bütün Yaxın Şərqin genişmiqyaslı müharibəyə sürüklənməsi ilə nəticələnə bilər.
Ayhan
13:11 03.04.2026
Oxunuş sayı: 65