ABŞ İranla razılıq naminə İsrailə təzyiq edəcəkmi? -Şərh
İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai brifinqində bəyan edib ki, Livanda atəşkəs ABŞ ilə razılaşmanın əldə olunmasının əsas şərtidir.
"Livanda atəşkəs müharibənin dayandırılmasına yönəlmiş istənilən razılaşma üçün zəruri şərtdir və biz bunda israrlıyıq", - Bəqai vurğulayıb.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Ordusuna (IDF) Beyrutun cənubundakı Dahiyə rayonundakı obyektlərə zərbələr endirmək barədə göstəriş verdiyini bəyan etmişdi.
Öncə onu bildirək ki, Təl-Əvivin dayanmaq niyyəti yoxdur. Bunun əsas səbəblərindən biri Netanyahunun hakimiyyəti ilə bağlıdır. Belə ki, o, müharibələri dayandıracağı halda hakimiyyətdən gedəcəyini anlayır. Çünki bir tərəfdən, beynəlxalq təzyiq artır, bir tərəfdən daxildə reytinqi azalır. Üstəlik, ABŞ ilə münasibəti də arzuolunan səviyyədə deyil.
İndi Netanyahu daha çox ordusunun gücünə güvənir.
İsrail yaxın günlərdə yəqin ki, Livanda əməliyyatları genişləndirməyə çalışacaq. Əgər dünya dövlətləri İsrailə "dur" deməsələr Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil ola bilər.
İranın şərtinə gəldiksə isə bildirmək lazımdır ki, əslində bu, məntiqlidir. Birincisi, Yaxın Şərqdə baş verənlər, o cümlədən Livanla bağlı proseslər birbaşa olaraq İranı maraqlandırır və onun təhlükəsizliyinə təsir edir. İkincisi, aydın məsələdir ki, Təl- Əviv Tehran üzərində diplomatik təzyiq yaratmağa çalışır.
İran həm də proseslərdə İsraili ABŞ-yə "cığal" oyunçu kimi təqdim etmək niyyətindədir ki, diplomatik nöqteyi- nəzərdən əslində bu da məntiqlidir.
Buna baxmayaraq, Livanda əməliyyatlar yaxın zamanda dayanana oxşamır. İndi əsas sual budur: ABŞ İranla razılıq naminə İsrailə təzyiq edəcəkmi? Məncə, İran mövqeyindən dönməsə, bu, baş verə bilər.
18:42 01.06.2026
Oxunuş sayı: 48