Pezeşkiyanın istefası ilə bağlı iddialar nə qədər realdı?
Ötən gün İran siyasi gündəmini Prezident Məsud Pezeşkiyanın guya istefa verəcəyi ilə bağlı yayılan xəbərlər zəbt edib.
Sosial şəbəkələrdə və bəzi media resurslarında sürətlə yayılan iddialar ölkədə siyasi vəziyyət və hakimiyyət daxilində mümkün dəyişikliklərlə bağlı müxtəlif müzakirələrə səbəb olub.
Lakin qısa müddət sonra bu məlumatlar rəsmi mənbələr tərəfindən təkzib edilib və istefa xəbərlərinin həqiqəti əks etdirmədiyi bildirilib.
Baş verənlər bir daha göstərib ki, regionda və xüsusilə İran kimi mürəkkəb siyasi sistemə malik ölkələrdə yayılan məlumatların təsdiqlənmiş mənbələr əsasında qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu məlumatın İran “International Media” qurumu tərəfindən yayıldığı qeyd olunur. Həmin media qurumu, məlum olduğu kimi, İran daxilində və xaricində fəaliyyət göstərən, xüsusilə Qərbdə yerləşən və İranla bağlı xəbərləri işıqlandıran media platformalarından biridir.
Bununla belə, həmin qurumun yayımladığı bəzi məlumatların dezinformasiya xarakteri daşıdığı iddiaları da mövcuddur.
Ümumilikdə, İran daxilində Prezident Məsud Pezeşkiyan ilə ali rəhbərlik arasında münasibətlərin tam harmonik olmadığı barədə müxtəlif fikirlər səsləndirilir. Lakin bununla belə, Prezident Pezeşkiyanın konkret şəkildə istefa ərizəsi təqdim etməsi ilə bağlı iddialar ciddi və təsdiqlənmiş faktlara əsaslanmır və bu barədə yayılan məlumatlar şübhə doğurur.
Mövcud vəziyyət göstərir ki, bu tip xəbərlər daha çox müxalif media platformaları tərəfindən fərqli interpretasiyada ictimaiyyətə təqdim olunur.
Eyni zamanda, beynəlxalq və Qərb mediasında da tez-tez vurğulanır ki, İranın idarəetmə sistemində əsas güc mərkəzlərindən biri SEPAH-dır.
SEPAH vasitəsilə ölkə daxilində siyasi və təhlükəsizlik proseslərinə ciddi təsir göstərildiyi iddiaları mövcuddur. Bununla belə, Prezident Pezeşkiyanın proseslərdən tam kənarlaşdırıldığı və ya əsas siyasi qərarlarda iştirak etmədiyi barədə qəti nəticə çıxarmaq üçün kifayət qədər təsdiqlənmiş məlumat yoxdur.
Ümumilikdə ehtimal edilir ki, mövcud siyasi balans növbəti prezident seçkilərinə qədər davam edə bilər və Prezident Pezeşkianın bu müddət ərzində istefa verəcəyi ilə bağlı iddialar hazırda real və təsdiqlənmiş görünmür".
Elmir Heydərli
15:45 01.06.2026
Oxunuş sayı: 54