ABŞ siyasətini dəyişməlidir- Səbəblər sadalandı
Asiya-Sakit okean regionunda dəyişən geosiyasi reallıqlar və qlobal təhlükəsizlik mühitində artan qeyri-müəyyənlik ölkələri müdafiə siyasətlərinə yenidən baxmağa vadar edir. Son dövrlər region dövlətləri təhlükəsizlik sahəsində xarici təminatlardan asılılığı azaltmağa çalışaraq hərbi potensiallarını gücləndirmək və müdafiə əməkdaşlığını genişləndirmək istiqamətində daha fəal addımlar atırlar.
Sinqapurda keçirilən ən böyük regional müdafiə forumunda da əsas müzakirə mövzularından biri məhz bu məsələ olub. Müdafiə nazirləri ABŞ-nin təhlükəsizlik zəmanətlərindən daha çox, ölkələrinin müdafiə imkanlarının artırılması, hərbi tərəfdaşlıqların genişləndirilməsi və yeni təhlükəsizlik çağırışlarına hazırlıq məsələlərinə diqqət yetiriblər. Ekspertlər bu tendensiyanı Vaşinqtonun xarici siyasət prioritetlərində baş verən dəyişikliklərlə əlaqələndirirlər.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Son 15 il ərzində Rusiya və Çin tərəfindən formalaşdırılmağa çalışılan yeni dünya düzəni ilə bağlı fərqli yanaşmalar irəli sürülməkdədir və faktiki olaraq Ukrayna müharibəsi, Rusiya–Ukrayna qarşıdurması, eləcə də ABŞ–İsrail–İran xəttində baş verən gərginliklər yeni dünya nizamının formalaşması prosesinin əsas geosiyasi hadisələri kimi qiymətləndirilə bilər.
Xüsusilə də Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin apardığı siyasət, ənənəvi müttəfiqlərə qarşı daha sərt mövqe, Avropa İttifaqı ilə münasibətlərdə müəyyən soyuqluq yaratmışdır. Eyni zamanda NATO daxilində baş verən proseslər və ABŞ-nin hərbi yükün bir hissəsini Avropa müttəfiqlərinin üzərinə yönəltmək istiqamətində atdığı addımlar İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının dəyişməsi cəhdi kimi dəyərləndirilə bilər".
O, bildirib ki, Çin də ikinci böyük qlobal güc olaraq öz iddiasını daha açıq şəkildə ortaya qoymaqdadır: " Son onilliklərdə Çinin sürətli iqtisadi yüksəlişi və bunun paralelində hərbi-siyasi gücə çevrilməsi dünyada yeni güc balansının formalaşması prosesinin tərkib hissəsi kimi qəbul olunur. Asiyanın bir çox ölkələri, xüsusilə ABŞ-nin ənənəvi müttəfiqləri olan dövlətlər, regionda baş verən son geosiyasi gərginliklər fonunda öz təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməyə başlayıblar.
Yaxın Şərqdə baş verən proseslər göstərdi ki, Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazaları mövcud təhlükəsizlik risklərini tam şəkildə kompensasiya edə bilmir. Bu səbəbdən həmin ölkələr öz təhlükəsizlik strategiyalarını daha da şaxələndirməyə çalışırlar.
Eyni zamanda ABŞ-ın Asiyadakı ənənəvi müttəfiqləri — Yaponiya, Cənubi Koreya, Filippinlər və Avstraliya kimi ölkələr də Çinə yaxın coğrafiyada yerləşdikləri üçün gələcəkdə ABŞ-dan alacaqları təhlükəsizlik zəmanətlərinin yetərliliyi ilə bağlı narahatlıq keçirirlər. Bu da onları müdafiə və təhlükəsizlik sahəsində daha müstəqil və çoxşaxəli siyasətlər yürütməyə sövq edir.
Donald Trampın NATO müttəfiqlərindən müdafiə xərclərinin ümumi daxili məhsulun 3–5 faizinə qədər artırılması ilə bağlı tələbləri də bu kontekstdə qiymətləndirilir. Son dövrlərdə onun çıxışlarında Cənubi Koreya, Yaponiya və digər strateji müttəfiqlərin müdafiə büdcələrinin artırılması ilə bağlı çağırışlar da müşahidə olunmuşdur.
Bütün bu proseslər göstərir ki, dünyada baş verən sürətli geosiyasi dəyişikliklər ABŞ-ın ənənəvi müttəfiqlərini öz təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməyə və yeni reallıqlara uyğun şəkildə dəyişikliklər etməyə məcbur edir".
Elmir Heydərli
12:49 02.06.2026
Oxunuş sayı: 57