Zelenski: Rusiya Ukraynaya son dövrlərin ən irimiqyaslı hücumlarından birini həyata keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ötən gecə ölkəyə qarşı son dövrlərin ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücumun nəticələrinin aradan qaldırılması işlərinə 500-dən çox fövqəladə hallar əməkdaşı cəlb olunub.
Zelenski bildirib ki, əsas zərbə Kiyev şəhərinə dəyib. Nəticədə onlarla yaşayış binası və mülki infrastruktur obyekti zərər görüb. İlkin məlumata əsasən, paytaxtda 4 nəfər həlak olub, 38 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Prezidentin sözlərinə görə, Dnepr şəhərində dördmərtəbəli yaşayış binasına endirilən zərbədən sonra axtarış-xilasetmə əməliyyatları davam edir. Hadisə nəticəsində 9 nəfər, o cümlədən bir uşaq həyatını itirib, 35 nəfər yaralanıb. Daha 6 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.
Zelenski qeyd edib ki, hücumlar həmçinin Xarkov vilayətində enerji və kritik infrastruktur obyektlərini, eləcə də Kiyev, Nikolayev, Zaporojye, Poltava, Sumı, Çerniqov və Xmelnitski vilayətlərini hədəf alıb.
Ukrayna liderinin məlumatına görə, Rusiya gecə ərzində 656 zərbə tipli pilotsuz uçuş aparatı və müxtəlif növ 73 raketdən istifadə edib.
Volodimir Zelenski beynəlxalq tərəfdaşlara müraciət edərək Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, xüsusilə də Patriot sistemləri üçün raket tədarükünün artırılmasına ehtiyac olduğunu vurğulayıb.
14:28 02.06.2026
Oxunuş sayı: 40