SEPAH dünyanı narahat edən açıqlama yayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin Livan və Qəzza zolağında hərbi əməliyyatları davam etdirməsinin regionda daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “Fars News” tərəfindən yayımlanan bəyanatda Qaani İsrailin ABŞ-nin dəstəyi ilə Livan və Qəzzada həyata keçirdiyi əməliyyatların “Müqavimət Oxu”nun qətiyyətini daha da artıracağını bildirib.
Onun sözlərinə görə, bu proses İranla əlaqəli qruplaşmaların müttəfiqlərinə dəstəyinin genişlənməsinə və regionda əlavə cəbhələrin aktivləşdirilməsinə gətirib çıxara bilər.
Qaani həmçinin hadisələrin inkişafının Bab əl-Məndəb və Hörmüz boğazlarında gəmiçilik şəraitinin “bərabərləşdirilməsi” ilə nəticələnə biləcəyini vurğulayıb. O, strateji əhəmiyyətə malik su yollarından birində yaranacaq problemlərin digərinə də təsir göstərə biləcəyinə işarə edib.
Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə, Hörmüz boğazı isə Fars körfəzini Oman körfəzi ilə birləşdirən əsas dəniz marşrutlarıdır. Hər iki boğaz dünya enerji daşımaları və beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır.
13:20 02.06.2026
Oxunuş sayı: 51