Pezeşkianın Mesajı: Azərbaycan İran üçün hansı imkanları təklif edə bilər?
İran Prezidenti Məsud Pezeşkianın qonşu ölkələrlə, xüsusilə də Azərbaycan və Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi barədə səsləndirdiyi fikirlər regionda yeni əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Uzun illər müxtəlif siyasi və geosiyasi səbəblərdən dalğavari xarakter daşıyan İran–Azərbaycan münasibətlərinin inkişafı hər iki ölkənin maraqlarına cavab verə biləcək mühüm istiqamətlərdən biri hesab olunur.
Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Eyni zamanda ölkəmizin beynəlxalq təşkilatlarda formalaşdırdığı əlaqələr, regional layihələrdə oynadığı rol və Türkiyə ilə strateji tərəfdaşlığı İran üçün də əlavə imkanlar yarada bilər. Bəs Pezeşkianın vurğuladığı əməkdaşlıq perspektivləri fonunda İran Azərbaycanın hansı imkanlarından istifadə edə bilər və bu əməkdaşlıq iki ölkəyə nə qazandıra bilər?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:

“Məsud Pezeşkian həmişə Azərbaycana münasibətdə fərqli və daha konstruktiv mövqe nümayiş etdirib. Hətta müharibə dövründə və müxtəlif siyasi gərginliklər zamanı da o, İran–Azərbaycan münasibətlərində məsuliyyəti yalnız Azərbaycanın üzərinə qoymağın doğru olmadığını bildirib. Pezeşkian açıq şəkildə deyib ki, münasibətlərdə yaranan problemlərə görə İran da öz səhvlərini etiraf etməlidir. Bu, indiyədək İran rəhbərliyində çox nadir hallarda səslənmiş yanaşmadır. Mənim fikrimcə, Pezeşkian İran–Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəyən siyasətçilərdəndir. O, türk əsilli bir şəxs kimi həm Azərbaycanla münasibətlərin inkişafına, həm də İranda türk kimliyinin və türk icmasının mövqeyinin güclənməsinə müsbət yanaşır. Lakin İranın mövcud siyasi sistemi daxilində onun imkanları məhduddur. Pezeşkianın arxasında hərbi və ya təhlükəsizlik strukturlarının ciddi dəstəyi yoxdur. O, daha çox ziyalı, həkim və islahatçı düşüncəli bir siyasətçi kimi çıxış edir”.
Politoloq əlavə edib ki, Pezeşkianın qarşısında duran missiya olduqca mürəkkəbdir: “O, həm İran–Azərbaycan münasibətlərindəki gərginliyi azaltmağa, həm də İran daxilində Azərbaycana və türklərə qarşı mənfi münasibət bəsləyən dairələrin təsirini zəiflətməyə çalışır. Lakin xüsusilə ABŞ–İran qarşıdurmasının dərinləşdiyi bir dövrdə bu vəzifə daha da çətinləşir. Çünki belə şəraitdə İranda radikal və sərt xətti müdafiə edən qüvvələrin, eləcə də fars millətçiliyini ön plana çıxaran siyasi dairələrin mövqeləri güclənir. Buna baxmayaraq, Pezeşkian yenə də münasibətlərin normallaşması istiqamətində səylərini davam etdirir və bu cəhdləri müsbət qiymətləndirilməlidir. Əsas sual isə budur: onun arxasında bu siyasəti həyata keçirmək üçün kifayət qədər siyasi və institusional güc varmı? İctimai dəstəyin müəyyən səviyyədə mövcud olduğunu söyləmək mümkündür. Ancaq dövlət idarəçiliyində və qərarvermə mexanizmlərində həmin dəstəyin nə dərəcədə təsirli olduğu hələ də açıq sualdır. Əgər Pezeşkian İran–Azərbaycan münasibətlərindəki buzları əridə, eyni zamanda İran–Türkiyə əlaqələrinin inkişafına töhfə verə bilsə, bu, onun siyasi fəaliyyətinin ən mühüm nəticələrindən biri olacaq. Belə bir halda o, tarixdə mühüm dövlət xadimi kimi xatırlana bilər. Digər tərəfdən, Azərbaycan da münasibətlərin inkişafında müəyyən rol oynaya bilər. Məsələ yalnız enerji resurslarında deyil. İranın neft və qaz ehtiyatları kifayət qədər böyükdür. Lakin Azərbaycanın beynəlxalq aləmdə formalaşdırdığı siyasi, diplomatik və iqtisadi əlaqələr şəbəkəsi İran üçün də faydalı ola bilər. Azərbaycan regional əməkdaşlıq platformalarının qurulmasında, iqtisadi layihələrin inkişafında və kommunikasiya əlaqələrinin genişləndirilməsində mühüm vasitəçi rolunu oynaya bilər. Bu baxımdan İran, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın genişlənməsi hər üç ölkə üçün yeni imkanlar yarada bilər. Belə bir yaxınlaşma həm regionda sabitliyin möhkəmlənməsinə, həm də iqtisadi və siyasi əlaqələrin inkişafına xidmət edə bilər. Pezeşkianın da əsas məqsədlərindən birinin məhz bu istiqamətdə addımlar atmaq olduğu görünür.”
Ayhan
18:30 30.05.2026
Oxunuş sayı: 47