ABŞ öz müttəfiqlərini zərbə altında qoyur - bəs İsrail?
Gərginliyin davam etdiyi bir vaxtda Vaşinqtonun xarici siyasəti və müttəfiqləri ilə münasibətləri yenidən müzakirə mövzusuna çevrilib. ABŞ-nin strateji maraqları naminə tərəfdaş ölkələrə təsir göstərməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə Yaxın Şərqdə baş verən proseslər fonunda Vaşinqtonun siyasətinin region ölkələrinə təsiri diqqət çəkir. İran rəsmilərinin ABŞ ilə bağlı son açıqlamalarında da bu məqamlar ön plana çıxarılıb. ABŞ-nin müttəfiqləri ilə münasibətlərində sərt mövqe nümayiş etdirməsi də siyasi müzakirələri daha da aktuallaşdırıb. Bəs ABŞ-nin xarici siyasəti həqiqətən müttəfiqləri üçün risklər yaradırmı? Vaşinqtonun strateji məqsədləri naminə tərəfdaşlarından istifadə etdiyi iddiaları nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, ABŞ ilə dostluq da, düşmənlik də faciədir: “ABŞ öz strateji məqsədi üçün dostlarından həmişə alət kimi istifadə edir.
Gürcüstanda demokratiya adı altında çevriliş elədilər, Saakaşvilini hakimiyyətə gətirdilər. Nəticədə Gürcüstan öz ərazisini itirdi və Gürcüstanı Rusiya ilə konfrontasiyaya sürüklədilər. Nəticədə torpağın hissələri özünküləşdirildi, Saakaşvilinin aqibəti isə məlumdur.
Daha sonra Ukraynada Volodemir Zelenski hakimiyyətə gətirildi, Zelenskini Rusiya ilə konfrontasiyaya sürüklədilər, Zelenskiyə indi dəstək verməkdən tərəddüd eləyirlər. Ona görə də demokratiya ideyası altında ayrı-ayrı dövlətlərdə dövlət çevrilişi edib, özlərinə münasib adamı hakimiyyətə gətirib, ondan strateji məqsədlər üçün vasitə kimi istifadə edirlər. Təbii ki, bu nəticədə həmin xalq əziyyət çəkməkdədir".

Politoloq qeyd edib ki, istər İran ətrafında, istərsə də Avropada baş verən hadisələr buna bariz nümunədir: "Ona görə də Birləşmiş Ştatların hansısa sövdələşmə, hansısa danışıq aparmağı yersizdir. Nəticədə müxtəlif bəhanələrlə öz məqsədlərinə çatacaqlar.
İndiki ABŞ prezidentinin verdiyi bəyanatlar da çox məsuliyyətsiz və dövlətə xas olmayan bəyanatlardır. Gündə bir fikir deyir və verdiyi bəyanatlar da müttəfiqlərinin əleyhinə olur. NATO blokuna daxil olan dövlətlərdən biri də Kanadadır ki, Kanadanın Amerikanın 51-ci ştatı olduğunu qeyd edirlər. Qrenlandiyanı Amerikanın ərazisi hesab edir və bəyan edir ki, Qrenlandiya ABŞ-nin olmalıdır.
Qeyd etdiyim kimi, öz müttəfiqlərinə qarşı da belə kəskin mövqe bildirir, öz strateji maraqlarına uyğun müttəfiqlərini həmişə güdaza verdi. Bu baxımdan İran rəsmilərinin açıqlamasında da böyük bir həqiqət var və Hörmüz boğazında baş verən hadisələr də onu göstərir ki, Birləşmiş Ştatlar öz strateji məqsədi üçün İran ətrafında olan öz müttəfiqlərini də zərbə altına qoymaqdadır. Bu baxımdan İran rəsmilərinin verdiyi açıqlamalar tam məntiqə uyğundur”.
Zeynəb Həsən
15:00 29.08.2026
Oxunuş sayı: 111