Ermənistanda ara qarışır: Paşinyan "küncə sıxışdırılır?"
Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi mənzərə daha mürəkkəb və strateji gedişlərlə zəngin bir mərhələyə qədəm qoyub. Xüsusilə müxalifət düşərgəsində baş verən qüvvələr nisbətinin dəyişməsi, kiçik partiyaların böyük bloklar xeyrinə geri çəkilməsi seçkilərin həlledici nöqtəsini təşkil edir. Bu kontekstdə "Milli-demokratik ittifaq"ın lideri Vazgen Manukyanın iştirakdan imtina etməsi sıradan bir texniki qərar deyil, müxalifətin vahid cəbhədə birləşmə cəhdi kimi qiymətləndirilir. Bu addımın müxalifət daxilində parçalanmanı aradan qaldırıb-qaldırmayacağı və böyük siyasi bloklara hansı təsiri göstərəcəyi sual doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistanda seçkilər öncəsi fərqli və maraqlı ssenarilərin tətbiqi əvvəlcədən gözlənilən idi.
Onun sözlərinə görə, müxalifət bu dəfə seçkiyə fərqli taktika ilə yanaşır və bu taktikanın əsas mahiyyəti ilkin mərhələdə çoxsaylı namizədlərlə çıxış etməkdən ibarətdir:
"Ermənistanda müxalifət deyəndə əsasən Rusiyayönümlü siyasi qüvvələr nəzərdə tutulur. Bu qüvvələrin əsas xətti dövlət siyasətini Kremlin maraqları ilə uzlaşdırmaq və Azərbaycanla müharibədə yaşanmış məğlubiyyətin revanşını prioritet istiqamət kimi təqdim etməkdir. Müxalifətin çoxsaylı namizədlərlə seçkiyə qatılması təsadüfi deyil və konkret məqsədlərə xidmət edir. Bu addımın məqsədi həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə müxalif düşərgədə çoxlu sayda liderin və iddialı siyasi fiqurların olduğunu nümayiş etdirməkdir. Yəni mesaj ondan ibarətdir ki, müxalifətin geniş və alternativ siyasi elitası mövcuddur".
Bu taktikanın seçkiyə qədərki mərhələ üçün nəzərdə tutulduğu və son mərhələdə fərqli ssenarilərin işə düşəcəyini bildirən siyasi şərhçi vurğulayıb ki, Ermənistan müxalifətinin bu strategiyası əvvəlcə çoxlu sayda namizədlər irəli sürmək, lakin seçkiyə yaxın mərhələdə onların böyük hissəsinin namizədliyini geri götürmək və nəticədə bir namizəd ətrafında birləşməkdən ibarətdir: "Bu proses müstəqil qərardan daha çox idarə olunan siyasi mexanizm kimi görünür. Bu, müxalifətin tam müstəqil qərarı deyil, kənardan formalaşdırılmış və idarə olunan bir proses təsiri bağışlayır. Məqsəd həm çoxsaylı lider görüntüsü yaratmaq, həm də yekunda vahid namizədlə seçkiyə qatılmaqdır. Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət düşərgəsinin mövqeyi hələ də güclü olaraq qalır. Fikrimcə, Paşinyanın düşərgəsi vahid namizədlə seçkiyə getsə belə, qalib gəlmək şansları daha yüksək olaraq qalır. Vazgen Manukyanın seçkilərdən çəkilməsi isə yalnız parçalanmanı aradan qaldırmaq məqsədi daşımır, eyni zamanda müxalifətin ümumi seçki strategiyasının bir hissəsi kimi qiymətləndirilməlidir".
Nigar Yahyazadə
16:47 31.03.2026
Oxunuş sayı: 64