ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirib
ARTEMIS II Estoniya və Latviya üzərində təxminən iki saat uçub.
Crossmedia.az xəbər verir ki, ABŞ-yə məxsus Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsi Estoniya və Latviya üzərində, Rusiya sərhədindən bir neçə on kilometr məsafədə təxminən iki saatlıq uçuşdan sonra Rumıniyadakı hərbi bazaya qayıdıb. Təyyarənin marşrutu RİA Novosti tərəfindən açıq mənbələrdəki uçuş izləmə məlumatları əsasında müəyyən edilib.
Kəşfiyyat təyyarəsi Moskva vaxtı ilə saat 08:42 radələrində Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxıb və saat 17:33-də həmin yerə qayıdıb. Uçuş zamanı Macarıstan, Slovakiya, Polşa və Litvanın hava məkanından keçən təyyarə daha sonra Baltik dənizi istiqamətinə yönəlib və Rusiya sərhədi yaxınlığında bir neçə dövrə vurub.
Rusiya mediasının məlumatına görə, bu təyyarə Rusiya sərhədləri boyunca mütəmadi kəşfiyyat uçuşları həyata keçirir. Onun Kalininqrad vilayəti yaxınlığında, eləcə də Krım yarımadası boyunca Qara dəniz üzərində uçduğu bildirilir. Məlumata əsasən, təyyarə bu yaxınlarda Qara dəniz üzərində yeddi saat dövrə vurub.
ARTEMIS II, Challenger 650 biznes təyyarəsinin yenidən təchiz edilmiş versiyasıdır. ABŞ-nin Leidos şirkəti ABŞ ordusu ilə müqavilə əsasında təyyarəyə radiolokasiya kompleksi quraşdırıb və ondan kəşfiyyat, eləcə də müşahidə məqsədilə istifadə edir.
Bundan əvvəl də ABŞ-yə məxsus kəşfiyyat təyyarəsinin Rusiya sərhədi yaxınlığında müşahidə edildiyi bildirilmişdi.
01:30 18.10.2026
Oxunuş sayı: 67