Simonyan Ermənistanın gələcək taleyinə işarə vurub: Parlament seçkiləri həlledici olacaq
Cənubi Qafqazda geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Ermənistanın qarşıdan gələn parlament seçkiləri təkcə daxili siyasi mübarizə deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturası baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Ermənistan parlamentinin sədri Alen Simonyanın “bu seçkilər sülh və mümkün müharibə arasında seçimdir” fikri isə prosesin nə qədər kritik olduğunu açıq şəkildə ortaya qoyur.
Bu kontekstdə əsas suallar ortaya çıxır: Hansı ssenaridə region yenidən hərbi qarşıdurma riski ilə üz-üzə qala bilər? Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qalib gəlməsi həqiqətən sülhün qarantı hesab oluna bilərmi? Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyliın fikirləri bu suallara daha geniş və analitik baxış imkanı yaradır.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

"Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri böyük ölçüdə ölkənin gələcək taleyini müəyyən edəcək. Çünki bu seçkilərdə iki qütb arasında çox ciddi mübarizə gedəcək. Qütblərdən biri Qərbə yönəlib, hakimiyyətə gəlməyə çalışan digər qütb isə Rusiyanın agentura şəbəkəsinə daxildir və bu şəbəkə Ermənistanda hakimiyyəti dəyişərək ölkəni yenidən Rusiyanın orbitinə qaytarmaq, onu faktiki olaraq quberniyaya çevirmək niyyətindədir. Burada əsas məsələ ondan ibarətdir ki, Paşinyan hakimiyyətinin başlıca hədəfi Ermənistanı sülh şəraitində inkişaf etdirməkdir və bu məqsədlə Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırlaşır. Hakimiyyət öz siyasətini konstitusiyanı dəyişərək Azərbaycana qarşı ərazi iddialarından imtina etmək və bundan sonra yekun sülh sazişini imzalamaq planı üzərində qurub. Bu isə onu göstərir ki, Paşinyan hakimiyyəti mövqelərini qoruyarsa və parlament seçkilərində qalib gələrsə, bu, Cənubi Qafqazda sülhə və sabitliyə yönəlik ən önəmli faktor rolunu oynaya bilər. Eyni zamanda, bu proses digər region dövlətləri ilə yanaşı, Ermənistanın da inkişafına ciddi töhfə verə bilər. Son vaxtlar Paşinyan hakimiyyəti həm Avropa Birliyi ilə, həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Ancaq digər qütb – Rusiyanın agentura şəbəkəsinə daxil olan Erməni kilsəsi, erməni oliqarxiyası və Qarabağ separatçı klanı birləşərək Paşinyan hakimiyyətini dəyişdirmək və Rusiyanı yenidən Ermənistanda əsas təsir gücünə çevirmək niyyətindədir".
Politoloq qeyd edib ki, Rusiya üçün isə Cənubi Qafqazda sülh və sabitliyin tam təmin olunması sərfəli deyil: "Kremlin əsas marağı regionda qarşıdurmanın mövcud qalması və bu qarşıdurmanı idarə etməklə həm Azərbaycana, həm də Ermənistana təsir mexanizmlərini qoruyub saxlamaqdır. Bu səbəbdən Rusiya Paşinyan hakimiyyətini dəyişərək özünə yaxın qüvvələri hakimiyyətə gətirməyə və sülh prosesini pozmağa çalışır. Böyük ehtimalla, əgər Paşinyan hakimiyyəti dəyişərsə və Rusiyaya bağlı qüvvələr hakimiyyətə gələrsə, yekun sülh sazişinin imzalanması təxirə düşə bilər. Bu halda hətta Zəngəzur dəhlizinin açılması ilə bağlı başlanmış proses də ciddi risk altına düşə bilər. Bu isə o deməkdir ki, növbəti parlament seçkiləri bir çox məsələlərə aydınlıq gətirəcək. Ən əsası isə məlum olacaq ki, Ermənistan sülh şəraitində inkişaf yolunu seçir, yoxsa hərbi qarşıdurma mühitinə qayıdaraq yenidən Rusiyanın vassalı kimi blokada şəraitində qalmağı üstün tutur. Bu baxımdan Alen Simonyanın yanaşması yaxın gələcəkdə baş verə biləcək hadisələrin təxmini təsviri kimi görünür. Belə anlaşılır ki, Ermənistan hazırda yalnız növbəti parlament seçkilərinə hazırlaşmır, eyni zamanda öz gələcək taleyini də müəyyən etməyə çalışır".
Ayhan
14:03 25.03.2026
Oxunuş sayı: 60