Ukraynanın dövlət borcu iqtisadiyyatını üstələdi – yeni rəqəmlər
Ukrayna qarşıdakı 10 il ərzində dövlət borcunun ödənilməsi və ona xidmət üçün ümumilikdə 160,3 milyard dollar vəsait ayırmalı olacaq. Bu məbləğə həm daxili və xarici borcun əsas hissəsinin qaytarılması, həm də borca xidmət xərcləri daxildir.
Crossmedia.az xəbər verir ki, RİA Novosti Ukrayna Maliyyə Nazirliyinin ödəniş qrafikini təhlil edərək bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna 2037-ci ilin sonunadək dövlət borcunun əsas hissəsinin ödənilməsi üçün 103,8 milyard dollar, borca xidmət xərcləri üçün isə 56,5 milyard dollar ödəməlidir. Bununla belə, agentlik qeyd edir ki, nazirliyin qrafiki dövlət borcu üzrə bütün öhdəlikləri əhatə etmir və yalnız ödəniş təqviminə daxil edilmiş məbləğləri göstərir.
Bundan əvvəl Ukraynanın dövlət borcunun rekord həddə çatdığı və ölkənin illik iqtisadiyyatının həcmini ötdüyü bildirilmişdi. Ukrayna Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin payızının əvvəlində ölkənin ümumi dövlət borcu 9,6 trilyon qrivnaya, yəni təxminən 215 milyard dollara yüksəlib. Bir ay ərzində borc 1,3 milyard dollar artıb. Analitiklər ilin sonunadək bu göstəricinin 240 milyard dollara çata biləcəyini proqnozlaşdırırlar.
09:17 18.10.2026
Oxunuş sayı: 66