Fransada şagird etirazları böyüyür: Gənclər təhsil islahatları və polis zorakılığına qarşı çıxır
Fransanın müxtəlif şəhərlərində məktəblərin qarşısında və küçələrdə keçirilən etiraz aksiyalarında şagirdlərin hökumətə ünvanlanan tələbləri əks etdirən plakatları sosial şəbəkələrdə geniş diqqət çəkib. Gənclər təhsilə daha çox vəsait ayrılmasını, məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılmasını və polis zorakılığına son qoyulmasını tələb edirlər.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, nümayişlər zamanı gənclərin şüarlarda bədii ifadələrdən və mahnı sözlərindən istifadə etməsi də diqqət çəkib.
Etirazlar sentyabrın 17-də Parisin ətrafındakı Kretey şəhərində yerləşən Sen-Ekzüperi liseyində müəllimlərin başladığı tətilə şagirdlərin qoşulması ilə gündəmə gəlib. Aksiya məktəbdə yer və işçi heyəti çatışmazlığına diqqət çəkmək məqsədi daşıyıb.
İlk mərhələdə Parisin yaxın ətraf ərazilərində keçirilən lisey şagirdlərinin etirazları ikinci həftədə paytaxtın digər hissələrinə və ölkənin müxtəlif şəhərlərinə yayılıb. Aksiyalarda yalnız çətin şəraitdə fəaliyyət göstərən məktəblərin deyil, paytaxtın nüfuzlu liseylərinin, o cümlədən Anri liseyinin və Sciences Po Paris ali təhsil müəssisəsinin tələbələrinin də iştirak etdiyi bildirilir.
Nüfuzlu liseylərin şagirdləri imkanların məhdud olduğu ətraf rayonlarda təhsil alan həmyaşıdlarına dəstək üçün küçələrə çıxıblar. Universitet tələbələri də həm lisey şagirdləri ilə həmrəylik nümayiş etdirmək, həm də öz təhsil müəssisələrində oxşar problemlərlə üzləşdikləri üçün aksiyalara qoşulublar.
Etirazlar Fransanın hüdudlarını da aşaraq əvvəlcə şimalda qonşu Belçikanın fransızdilli məktəblərinə, daha sonra isə cənubda İspaniyaya yayılıb.
Oktyabrın 13-də Paris meriyasının qarşısında başlayaraq Əlillər meydanında başa çatan nümayişdə iştirakçılardan biri 2017-ci ildə Fransada yayımlanan “Greater Paris” rep mahnısından götürülmüş “Ətraf rayonlar Parisə, Paris isə dünyaya təsir edir” şüarını daşıyıb. Bu ifadə uzun illərdir ölkədə ətraf rayonlarla Paris və dünya arasındakı qarşılıqlı təsiri təsvir etmək üçün istifadə olunur.
Şagirdlər təhsilə ayrılan büdcənin artırılmasını tələb edərək “Polisə daha az pul, liseylərə daha çox pul” şüarını səsləndiriblər. Müəllim çatışmazlığına və siniflərin həddindən artıq dolu olmasına da diqqət çəkilib.
Nümayişlərdə “Daha az polis, daha çox müəllim” və “35 şagirdə bir müəllim, hər şagirdə beş polis” kimi plakatlar nümayiş etdirilib.
Fransanın təhsil naziri Eduar Jefre oktyabrın 8-də TF1 telekanalında çıxışı zamanı liseylərə əlavə üç müəllimin təyin olunacağını açıqlayıb. Bununla belə, tələbə birlikləri hökumət təhsilə əlavə 10 milyard avro ayırmasa, etirazları davam etdirəcəklərini bildiriblər.
Nümayişlər zamanı polisin uşaqlara qarşı qeyri-mütənasib güc tətbiq etməsi də müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. Bu narazılıq aksiya iştirakçılarının plakatlarında və şüarlarında da əksini tapıb.
Gənclər “Yuxumda polisin gənclərə bibər qazı səpdiyini gördüm”, “Dünya bizimdir”, “Daha yaxşı şərait üçün təhsili maliyyələşdirin” kimi şüarlar səsləndiriblər. Digər plakatlarda isə “Uşaqların dişləri gülmək üçündür, polisin onları sındırması üçün deyil” və “Polis hər yerdədir, ədalət isə yoxdur” kimi ifadələr yer alıb.
Məlumata görə, polis zorakılığı ilə bağlı 36 araşdırma başlanıb. Onlardan dördü məktəb etirazları zamanı baş vermiş ağır xəsarətlərlə əlaqəlidir.
Sentyabrın 28-də Val-d'Uaz departamentində polis 14 yaşlı lisey şagirdinə qarşı “Kouqar” tipli xüsusi vasitədən istifadə edib. Patron qəlpələrinin üzünə dəyməsi nəticəsində yeniyetmənin xəsarət aldığı, çənəsinin və dişlərinin sındığı bildirilir.
Sentyabrın 30-da Tur şəhərindəki Balzak liseyində keçirilən etirazlar zamanı 16 yaşlı Mael rezin güllə ilə yaralanıb və sağ gözünü itirib.
Oktyabrın 2-də Belfor şəhərindəki Kurbe liseyinin qarşısında keçirilən etirazlar zamanı isə Savurez çayı yaxınlığında saxlanılan gənci boğmağa cəhd göstərilməsi iddiası ilə araşdırma başladılıb.
Fransanın şimalındakı Lans şəhərində oktyabrın 5-də keçirilən nümayişlər zamanı 15 yaşlı şagird işıq-səs qumbarasının partlaması nəticəsində əlini itirib.
Gənclər polis müdaxiləsini tənqid edən “Plakatlarımız da senzuraya məruz qalır”, “Mən yaxından yaxşı görə bilmirəm, amma hər şeyin qaydasında olmadığını görürəm” və “Gənclər etiraz edir, polis isə onları susdurur” kimi şüarlar da səsləndiriblər.
Fransa boyunca keçirilən tələbə aksiyalarında və yürüşlərdə bir çox iştirakçı Fələstinə dəstək məqsədilə kəfiyyə taxıb. Paytaxtdakı yürüşlərdə Fransa bayraqları ilə yanaşı, Fələstin bayraqları da dalğalandırılıb.
Təhsil siyasətinə və hökumətin xarici siyasətinə eyni vaxtda etirazı əks etdirən “Soyqırımları deyil, liseyləri maliyyələşdirin” plakatı diqqət çəkib.
Paris küçələrində kəfiyyə taxan gənclərin erməni əsilli fransız müğənni Şarl Aznavurun “Bohemian” mahnısını oxuması və Fələstin bayraqlarını dalğalandırması ilə bağlı görüntülər də beynəlxalq gündəmdə yer alıb. İştirakçılardan birinin “Yaşasın Fələstin” deyə qışqırdığı, digərlərinin isə onu alqışladığı anlar videoya çəkilib.
Məktəb etirazlarının ilk ayı tamamlanarkən “sarı jiletlilər” hərəkatının da ölkə üzrə mindən çox nöqtədə yenidən aksiyalara hazırlaşdığı bildirilir.
Lisey və universitet tələbələri “Makron istəməsə də, biz işçilərin ləyaqəti və daha yaxşı dünya üçün buradayıq” şüarı ilə “sarı jiletlilər”ə dəstək ifadə ediblər. Bu şüar 2018-ci ildə Fransada başlayan “sarı jiletlilər” hərəkatı zamanı məşhurlaşıb və sonradan müxtəlif peşə qruplarının aksiyalarında da istifadə olunub.
Oktyabrın 17-si həmçinin 1961-ci il oktyabrın 17-də Parisdə Əlcəzairin müstəqilliyini tələb edən nümayişçilərə qarşı törədilmiş qətliamın ildönümüdür. Həmin hadisələr zamanı yüzlərlə əlcəzairlinin Fransa polisi tərəfindən öldürüldüyü bildirilir.
Məktəb etirazları zamanı nümayişçilərdən biri polisin 1961-ci ildən bəri etirazçılara münasibətini tənqid etmək üçün “17.10.1961 – 17.10.2026: Yenə eyni irqçilik” yazılmış plakat qaldırıb.
07:44 18.10.2026
Oxunuş sayı: 67