Dron həyəcanı hava limanlarını iflic etdi – sərnişinlər təyyarədə qaldı
Antalyadan Moskvaya uçan Corendon Airlines aviaşirkətinə məxsus təyyarə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə səbəbindən paytaxtda eniş edə bilməyib. Təyyarə Sankt-Peterburqa yönləndirilsə də, burada da sərnişinlər hava limanındakı məhdudiyyətlərlə üzləşiblər.
Crossmedia.az xəbər verir ki, “Ostorojno, novosti” Telegram kanalı məlumat yayıb.
Sərnişinlərin sözlərinə görə, təyyarə Türkiyədən saat 21:20-də havaya qalxıb. Şeremetyevo hava limanında məhdudiyyətlər tətbiq edildikdən sonra təyyarə gecə saat 02:00 radələrində Sankt-Peterburqdakı Pulkovo hava limanına enib. Lakin Sankt-Peterburq və Leninqrad vilayətində də pilotsuz uçuş aparatları ilə bağlı təhlükə elan olunub və hava limanının fəaliyyəti məhdudlaşdırılıb.
Sərnişinlər təxminən üç saat təyyarənin göyərtəsində gözlədiklərini və yalnız səhər saat 05:00-da düşə bildiklərini bildiriblər. Hazırda onlar hava limanında uçuşla bağlı əlavə məlumat gözləyirlər. Məlumata görə, sərnişinlərin bir qismi yerdə və baqaj lentlərinin üzərində oturmağa məcbur qalıb, çamadanları isə təyyarədə saxlanılıb.
Pulkovo hava limanının mətbuat xidməti uçuşların qəbulu və yola salınmasına tətbiq edilən məhdudiyyətlər səbəbindən həmin günün uçuş cədvəlinin dəyişdirildiyini açıqlayıb. Hava limanı sərnişinlərə əvvəlcədən gəlməmək və yenilənmiş uçuş vaxtlarını izləmək barədə xəbərdarlıq edib.
09:43 18.10.2026
Oxunuş sayı: 65