PROSES BAŞLADI: Ermənistan Azərbaycanın tələbilə bunu da edir
Cənubi Qafqaz regionu uzun illər mürəkkəb siyasi prosseslərin, münaqişələrin və qarşılıqlı etimadsızlığın təsiri altında formalaşmış bir coğrafiyadır.
Lakin 44 günlük Vətən müharibəsindən sonra bölgədə tamamilə yeni bir reallıq və yeni siyasi vəziyyət yaranıb. Bu yeni mərhələ region dövlətləri üçün həm ciddi çağırışlar, həm də uzunmüddətli sülh və əməkdaşlıq üçün mühüm imkanlar yaradır.
Məhz bu dəyişən geosiyasi şəraitdə Ermənistanın gələcək taleyi, onun regional siyasətdə tutacağı mövqe və qonşu dövlətlərlə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi xüsusi əhəmiyyət kəsb edir.
Xüsusilə də, Ermənistan konstitusiya mətninin hazır olması və buradakı dəyişikliklər diqqət çəkir. Maraqlı məqam isə yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olub-olmamasıdır.
Məsələ ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib.

"Biliyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi situasiya yaranıb. Bu siyasi şərait diktə edir ki, Ermənistan bu reallığa uyğunlaşsın. Əgər Ermənistan yeni siyasi şəraitə uyğunlaşmasa, onda onun həm suverenliyi, həm də gələcək iqtisadi inkişafı real görünmür" - deyə o, bildirib.
Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı siyasətinə diqqət çəkərək, ölkəsini Rusiyanın siyasi-iqtisadi asılılığından qurtarmaq istədiyini bildirib.
"Bu baxımdan Ermənistanın gələcək taleyi qonşularla münasibətlərinin yaxşı olmasından keçir. Yəni Ermənistanın gələcək inkişafı birbaşa Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır. Çünki Ermənistan nəqliyyat infrastrukturunun açılması və dünya iqtisadiyyatına inteqrasiya etmək üçün mütləq şəkildə Türkiyə və Azərbaycanla münasibətlərini bərpa etməlidir. Bunun üçün də mütləq şəkildə sülh sazişi imzalanmalıdır.
Düzdür, Ermənistan və Azərbaycan arasında sülh sazişinin bəzi şərtləri razılaşdırılsa da, bu sazişin imzalanmasına mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımasıdır.
Sülh sazişinin təməl prinsipi nədir? İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasıdır.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəalar mövcuddur. Belə olan təqdirdə Ermənistan bu iddialardan əl çəkməlidir və bunun üçün mütləq şəkildə referendum keçirərək Konstitusiyasında dəyişiklik etməlidir".
Azad Məsiyev onu da qeyd edib ki, məsələ yalnız Paşinyanla sülh sazişinin imzalanması yox, erməni xalqı ilə sülh sazişini bağlanması vacibdir.
"Çünki bu gün Ermənistanda Paşinyan hakimiyyətdədir, amma sabah hakimiyyətdə olmaya bilər. Bir müddətdən sonra başqa siyasi qüvvələr hakimiyyətə gələrsə, imzalanan sülh sazişinə kölgə sala bilər. Yəni imzalanan saziş Konstitusiya ilə ziddiyyət təşkil edə bilər.
Bu baxımdan Ermənistan xalqı referendum yolu ilə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl etməlidir. Yəni Ermənistanın gələcək taleyi məhz bundan asılıdır.
Əks təqdirdə, əgər Ermənistan Konstitusiyasında dəyişiklik edilməzsə və Azərbaycana qarşı ərazi iddiası gündəmdə qalarsa, təbii ki, Azərbaycan da buna adekvat cavab verəcəkdir. Çünki Azərbaycan xalqı hələ qədim Azərbaycan torpaqlarını unutmayıb. Göyçə, Zəngəzur kimi ərazilər qədim Azərbaycan torpaqları hesab olunur.
Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını gündəmdə saxlayarsa, Azərbaycan cəmiyyətində də bu tarixi torpaqlar məsələsi yenidən gündəmə gələ bilər. Bu isə Ermənistana heç bir uğur gətirməyəcək.
Belə olan halda Paşinyan mütləq şəkildə yeni Konstitusiyada dəyişiklik etməli, həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli və qonşularla dinc yanaşı yaşamaq prinsipinə əsaslanan bir Konstitusiya formalaşdırmalıdır. Bu məsələ də xalqın iradəsinə buraxılmalıdır".
Politoloq vurğulayıb ki, xalqın iradəsi ilə formalaşan Konstitusiyada Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə qarşı heç bir iddia olmadığı halda, Azərbaycan sülh prosesinə gedə bilər və bununla da Ermənistan–Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərin bərpa olunması üçün şərait yarana bilər.
"Çünki, Ermənistan əgər suveren dövlət kimi öz dövlətçiliyini qoruyub saxlamaq istəyirsə, mütləq şəkildə qonşularla münasibətlərinin yaxşı olmasına uyğun bir Konstitusiya formalaşdırmalıdır.
Bu Konstitusiya yenidən, xalqın iradəsi ilə formalaşmalıdır. Bu baxımdan yeni Konstitusiya mütləq şəkildə Ermənistanın gələcəyini də əks etdirən bir Konstitusiya olmalıdır." - deyə o, əlavə edib.
Turqut Ansari
09:18 17.03.2026
Oxunuş sayı: 54