Kolumbiya Universitetində Xocalı soyqırımının qurbanları yad olunub
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ABŞ-nin Kolumbiya Universitetində ”Xocalı xatirəsini ehtiramla yad edərək insanlıq naminə sülhün təşviqi” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan-Amerika Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev çıxışında Xocalı soyqırımı ilə bağlı tarixi faktlara diqqət çəkərək, beynəlxalq ictimaiyyətin bu faciəyə hüquqi-siyasi qiymət verməsinin vacibliyini vurğulayıb.
Nyu Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Amerika-Azərbaycan Təşkilatları Alyansının rəhbəri Nərgiz Əlyarova xocalılara qarşı törədilən amansız cinayətlərdən bəhs edib. Faciənin soydaşlarımızın yaddaşında silinməz iz qoyduğunu bildirib.
BMT-nin keçmiş sözçüsü və “Al-Quds Al-Arabi” qəzetinin BMT bürosunun rəhbəri Abdelhamid Siyam Xocalı həqiqətlərindən, sülh və humanizm dəyərlərinin təşviqinin əhəmiyyətindən danışıb.
Anım tədbirində Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı hadisələrinə həsr etdikləri rəsmləri sərgilənib. Mərkəzin mədəniyyət üzrə direktoru, azərbaycanlı rəssam-heykəltəraş Emin Quliyevin hazırladığı "Xocalı harayı" və Nyu Yorkda yaşayan azərbaycanlı rəssam Çingiz Mahir Musayevin "Xocalı" kompozisiyaları soyqırımının tanıdılmasına xidmət edib.
Tədbirdə, həmçinin Xocalı qurbanlarının xatirəsinin yaşadılmasının, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının və humanizm prinsipləri əsasında sülhün təşviqinin vacibliyi səsləndirilib.
11:00 04.03.2026
Oxunuş sayı: 333