Berlində şagirdlərə Xocalı soyqırımından danışılıb
Almaniyanın paytaxtı Berlində yerləşən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu Azərbaycan dili məktəbinin növbəti dərsi Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Həftəsonu Azərbaycan məktəbinin müəllimi Pərvanə Aslanova bəşər tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı soyqırımı barədə şagirdlərə geniş məlumat verib. Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılmasının və beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini vurğulayıb. Bu həqiqətlərin təbliğində xaricdə yaşayan hər bir soydaşımızın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Şagirdlər Xocalı faciəsi ilə bağlı bildikləri faktları bölüşərək, həmin qanlı hadisələrin unudulmamasının və gələcək nəsillərə doğru şəkildə ötürülməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evi 2022-ci ildə açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evində həftəsonu Azərbaycan dili məktəbi və Ritm rəqs dərnəyi fəaliyyət göstərir.
14:30 04.03.2026
Oxunuş sayı: 465